Səfir: "Xocalı hadisəsi XX əsrin ən dəhşətli faciəsidir"

"Xocalı faciəsinin əsas səbəbkarı xaricdə, xüsusilə ABŞ-da yaşayan erməni diasporu və lobbisidir. Hər kəsə məlumdur ki, bu diaspor hətta ABŞ-da Senat və Konqresin mövqeyinə də təsir edə bilir". SİA-nın xəbərinə görə, Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Türkiyə səfirliyində Xocalı faciəsinin 21 illiyi ilə bağlı təşkil edilən tədbirdə belə deyib.

Onun sözlərinə görə, XX əsrin sonlarında Azərbaycan xalqının başına gəlmiş hadisələr bu günün deyil, 200 il əvvəlin planıdır. Komitə rəhbəri bildirib ki, heç bir beynəlxalq təşkilat bu faciə ilə bağlı öz səsini qaldırmır. Artıq Azərbaycan bu problemi dünya ictimaiyyətinə çatdırmaq üçün lazımi işlər görür.

Bu tədbirin keçirilməsinin Türkiyənin mənəvi borcu olduğunu söyləyən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun qeyd edib ki, Xocalı hadisəsi XX əsrin ən dəhşətli faciəsidir. Səfir vurğulayıb ki, məsələ beynəlxalq ictimaiyyətin diqqətinə daha geniş şəkildə çatdırılmalıdır.

Millət vəkili, milli məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Nizami Cəfərov və millət vəkili Musa Qasımlı çıxış edərək faciənin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərin ilbəil artdığını deyiblər.

Tədbir TRT-nin hazırladığı Xocalı faciəsi ilə bağlı sənədli filmin izlənilməsilə yekunlaşıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə