Bakıdakı prospektlər birləşdiriləcək

Bakıdakı prospektlər birləşdiriləcək

"Ziya Bünyadov prospektindəki işlər ilin sonuna qədər sona çatdırılaraq istifadəyə veriləcək". SİA-nın verdiyi xəbərə görə bunu jurnalistlərə açıqlamasında "Azəryolservis" ASC sədri Cavid Qurbanov deyib. O bildirib ki, Həsən Əliyev keçəsinin davamı da bu ilin sonuna qədər istifadəyə veriləcək.

Bundan başqa Böyük Şorla Koroğlu metrosunu birləşdirən yol səkkiz zolaqlı olacaq. Ziya Bünyadov prospektinin alt hissəsindən tunel vasitəsi ilə tikilməkdə olan Olimpiya stadionun ətrafını dolanaraq Baksol küçəsindən keçməklə böyük bir magistral yol alınacaq. Bu magistral yol Zabrat, Maştağa, Mərdəkan və hava limanından gələn yollarda intensivliyi azaldacaq. Heydər Əliyev prospektinə paralel yol kimi F.Xoyski və Həsən Əliyev küçələrini birləşdirəcək.

O cümlədən Gənclik metro stansiyası yaxınlığında böyük bir tunel kompleksi, qovşaq tikilir. İyun ayına qədər də bu işlərin tamamlanıb istifadəyə verilməsi gözlənilir. Bundan başqa insanların rahat hərəkəti üçün piyada keçidlərinin də tikintisi planlaşdırılır.

Cavid Qurbanov bildirdi ki, avtomobillərin hərəkətini asanlaşdırmaq üçün Şəfa stadionun qarşısında tunel tikiləcək.Tunelin uzunluğu 300 metrdir. Həmçinin bu yoldan gələcəkdə planlaşdırılan yolun tikintisində istifadə olunacaq. Bu yol vasitəsi ilə Ziya Bünyadov, Heydər Əliyev, Həsən Əliyev küçələrinə ordanda Babək və Nobel prospeklərinə çıxışlar təmin olunacaq.

ASC-nin sədri Ziya Bünyadov prospektinin tikintisi zamanı sökülən tikililərin sahiblərinə verilən kompensasiyalarla bağlı məsələyə də münasibət bildirdi : "Tikinti zamanı sökülən obyektlərin sahiblərinin əksəriyyəti kompensasiyalarını alıb. Bir neçə nəfər var ki, bəzi məsələlərlə razı deyillər, onların məsələlərinin həlli ilə məşğuluq".

Bütün xəbərlər Facebook səhifəmizdə