Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və "Heritage Travel" Turizm Şirkətinin nümayəndə heyəti Türkiyədən səfərdən qayıdıb. Qurumdan SİA-ya verilən məlumata görə, kollektiv Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisində iştirak edib.
MİRAS İctimai Birliyinin nümayəndə heyəti sərgi ilə yanaşı, Ordu və Giresunda müxtəlif mədəni tədbirlərdə iştirak ediblər. Nümayəndə heyəti Giresun vilayətinin Bulancak qəsəbəsinin bələdiyyə sədri Kadir Aydın tərəfindən qəbul edilib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Qəsəbədə yaradılması nəzərdə tutulan etnoqrafiya muzeyinin qurulması layihəsi üzərində birlikdə çalışmaq haqqında ilkin razılıq əldə olunub.
Elə həmin gün Giresun Universitetinin Azərbaycanlı rektoru, professor Aygün Attar MİRAS heyətini qəbul edib, onlara Azərbaycanın mədəni irsi və turizm potensialının təbliği istiqamətində gördükləri işlərdə istənilən köməyi etməyə hazır olduğunu bildirib. MİRAS Musiqi qrupunu Giresun Universiteti Dövlət Konservatoriyasının konsertində iştirak etməyə dəvət edib.
Bulancak qəsəbəsinin İnece kəndinə gedən MİRAS heyəti etnoqrafik turizm mərkəzinə baş çəkib. Yerli sakinlərin Baba ocağı adlandırdığı mərkəzdə adət-ənənələrlə bağlı mərasim, canlı musiqi, milli mətbəxlə tanışlıq baş tutub. Miras Musiqi qrupu da tədbirdə fəal iştirak edib.
MİRAS heyəti həmçinin Ordunun Bayadı kəndindəki Kurul qayası arxeoloji abidəsinə baş çəkiblər. Burada 2010-cu ildən aparılan arxeoloji qazıntılar nəticəsində açıq hava altında məbəd və yeraltı qala aşkar olunub. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan abidədə bizim eradan əvvəl birinci əsrə aid tapıntılar var.
Giresunda Qara dəniz yolu üzərində tikilmiş möhtəşəm Sarayburnu məscidini ziyarət edən MİRAS heyəti, burada Səlcuq və Osmanlı memarlığının vəhdətini yaratmış Ərənlər Sarayburnu Camisi Xeyirli Xidmətlər Kültür və Həmrəylik Fondunun sədri Yusif Ziya Sipahi ilə görüşüblər.
Səfərin son günü Giresun Universitetinin rektoru, professor Aygün Attarın dəvətilə nümayəndə heyətimiz universitetin təşkil etdiyi "Giresunspor" idman klubuna dəstək konsertində iştirak edib. 6000-dən çox tamaşaçının toplandığı salonda MİRAS Musiqi Qrupunun üzvləri, tarzən Mehman Mikayılov, kamança ustası Cahandar Mikayılov, muğam ifaçıları Ruslan Adgözəlov və Türkay Məlikovanın çıxışı böyük hərarətlə qarşılanıb.
Səfər çərçivəsində kollektiv Azərbaycan turizmini tanıtmaqla yanaşı, Türkiyənin turizm potensialı ilə də yaxından tanış olmağa çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB