Rauf Mərdiyev: "Seçki ilə bağlı bəzi qüvvələr qarışıqlıq yaratmağa cəhd göstərir"
"Seçki ilinin olması ilə bağlı bəzi qüvvələr qarışıqlıq yaratmağa cəhd göstərir və bunun üçün müxtəlif variantlara əl atırlar. Tələbələrin boykot günü bu cəhdlərdən biridir və əminliklə deyə bilərəm ki, uğursuzluğa məhkumdur". Bu sözləri "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev SİA-ya verdiyi açıqlamasında deyib.
O, bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, boykot təşəbbüsü xaricdə yaşayan şəxslər tərəfindən ortaya atılıb və müxalifət təşkilatlarının üzvləri tərəfindən yayılır. Həmin şəxslər özləri tələbə olmadıqları halda hansı haqla tələbələr adından danışırlar?: "Mən özüm də müxtəlif universitet tələbələri ilə söhbətlər aparmışam. Onlar ümumiyyətlə bu məsələdən xəbərdar deyillər. Əminliklə deyə bilərəm ki, 27 fevral sosial şəbəkələr sərhəddini aşmayacaq bir şoudur. Gənclərimizin təhsildən yayınmasına yönəlmiş bu addımı qətiyyətlə pisləyirik".
"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan gənci dayanır",- deyən Birliyin sədri xüsusilə qeyd edib ki, Cənab Prezident ölkədə güclü kadr potensialının yaradılması, ölkənin davamlı inkişafının təmin edilməsinin başlıca mexanizmi kimi təhsil sektorunun inkişafını görür və bu sahənin inkişafını diqqət mərkəzində saxlayır: "Azərbaycan xalqının milli sərvəti olan qara qızılın insan kapitalına çevrilməsi siyasəti nəticəsində Azərbaycanda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı qəbul edilib və bu gün də uğurla həyata keçirilir. Bu proqram çərçivəsində 2012-2013-cü tədris ilində xaricdə təhsil almaq üçün ümumilikdə 588 gənc müxtəlif ölkələrə göndərilib. Proqram çərçivəsində 5000 nəfər gəncimizin xarici ölkələrin ən qabaqcıl universitetlərində təhsil alması planlaşdırılır".
"Bir sözlə, Azərbaycan təhsilinin inkişafı üçün lazım olan bütün işlər həyata keçirilir. Heç şübhəsiz ki, gənclər də bütün bu islahatları öz gündəlik həyatlarında hiss edirlər. Bu gün ali məktəblərdə təhsil alan tələbə artıq bilir ki, Azərbaycanın gələcəyi sabah onun əlində olacaq. Bunu da nəzərə alan, dərk edən tələbələr təhsilə, biliyə daha çox maraq göstərir effektiv təhsil almaq üçün yaradılmış imkanlardan maksimum bəhrələnirlər. Bu gün gənclərimiz anlayır ki, onların inkişafı üçün cənab Prezident İlham Əliyev tərəfindən yatırılan investisiya onların və ölkənin gələcəyi üçündür", - deyə R.Mərdiyev sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB