Xocalı faciəsi Çexiyada anıldı

Xocalı faciəsi Çexiyada anıldı

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM), Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Qrodno Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Çexiyanın Brno şəhərində fəaliyyət göstərən dünyanın qabaqcıl təhsil ocaqlarından olan Matsarik Universitetində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbir universitetin tarix fakültəsinin təşəbbüsü ilə reallaşıb. Anım tədbirini giriş sözü ilə açan universitetin tarix fakültəsinin dosenti Frantiçek Çapka XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımının tarixi, mahiyyəti, erməni vandalizmi və torpaqlarımızın ermənilər tərəfindən işğalı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Tədbirdə BDM tərəfindən çex dilində hazırlanmış Xocalı Soyqırımını əks edirən məlumatlandırıcı bukletlər paylanıb. Daha sonra Xocalı Soyqırımı haqqında ingilis dilində sənədli film nümayiş etdirilib.

Brno Texnoloji Universitetinin professoru, BDM-in Avropa təmsilçiliyinin rəyasət heyətinin üzvü, professor İvan Meznik yuxarıda qeyd olunanlar haqqında ədalətli mövqeyini bildirərək, BDM-in dəvəti ilə Azərbaycana etdiyi səfər və burada aldığı təəssüratlarla bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, Azərbaycanın haqqlı olduğunu xüsusi vurğulayaraq, haqq və ədalətin öz yerini tapması üçün əlindən gələn dəstəyi edəcəyini bildirib. Tədbirdə çıxış edən BDM-in Avropa təmsilçisi professor Azər Kərimov, Matsarik Universitetinin tarix kafedrasının müdiri, professor Vaculik Yaraslan, həmçinin Qrodno Azərbaycanlıları konqresinin sədri Namiq Vəliyev Ermənistanın Qafqazda apardığı soyqırım siyasətindən, regionda sülhü təhdid edən fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən tezliklə qarşısının alınmasının və Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad edilməsinin vacibliyinin vurğuladılar.

Tədbirdə iştirak edən azərbaycanlı tələbələr Arif İbrahimov, Məmməd Məmmədov, Hikmət Kazımovski, Qaraş Qaraşlı və eləcə də çexiyalı tələbələr Xocalı soyqırımı haqqında öz fikirlərini bildiriblər. Tədbirin sonunda BDM sədri və DAK idarə heyətinin üzvü İsmayıl Ağayev öz çıxışında bir daha Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və Xocalı soyqırımının tanınmasında Çexiya Parlamentinin son qərarını yüksək qiymətləndirib. O qeyd edib ki, bu qərarla bir daha Ermənistanın törətdiyi cinayətlər faktlarla öz sübutunu tapmış olur.

Bütün xəbərlər Facebook səhifəmizdə