Cənub bölgəsində 319 əcnəbi cərimələnib

Cənub bölgəsində 319 əcnəbi cərimələnib

Dövlət Miqrasiya xidmətinin Lənkəran regional idarəsində xarici ölkə vətəndaşları və sahibkarlar ilə görüş keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatlarından olan miqrantlar və sahibkarlar iştirak edib.

Dövlət Miqrasiya Xidmətinin idarə rəisi Siyasət Alıyev çıxış edərək Miqrasiya Xidmətinin yaranma tarixindən, fəaliyyətindən, qısa müddət ərzində əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, Azərbaycanın son illər iqdisadi inkişafı ölkəmizə gələn miqrantların sayının artmasına səbəb olub. Hətta respublikada uzaq qitə olan Avstraliyadan gələn miqrant sahibkarlara da rast gəlinir. Hazırda Azərbaycana gələn xaricilərin sayı 10 minlərlə ölçülür. Miqrantlar ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Əsasən neft – qaz sahəsində, o cümlədən fərdi əməklə məşğul olurlar. Ən yüksək maaşla təmin olunurlar. Miqrantların harada qalması və hansı fəaliyyətlə məşğul olması barədə Dövlət Miqrasiya Xidmətində məlumat var. İdarə rəisi bəzi mövcud problemlərə toxunaraq bildirib ki, bəzi sahibkarlar xaricdən gələn miqrantların işləməsi üçün Xidmətə müraciət etmədiyindən sonradan problemlər yaşanır.

Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsinin rəisi Səmədağa Abdullayev öz çıxışında bildirib ki, bölgənin mərkəzi sayılan Lənkəranda Türkiyə, Rusiya, ABŞ, İran, Ukraniya, Qazaxıstan və Türkmənistandan olan miqrantlar var. Lakin bütün bunlara baxmayaraq bəzən miqrantların ölkə qanunlarını kobud şəkildə pozulması hallarına da rast gəlinir. Əsasən də xarici ölkədən gələn vətəndaşların vaxtında qeydiyyata düşməməsi, qaldıqları yerin məlum olmaması bir sıra çətinliklər yaradır. Bu səbəbdən 2012-ci ildə 319 əcnəbi vətəndaşına cərimələr kəsilib.

Tədbirin sonunda miqrantları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə