Bakıda fəaliyyət göstərən "Skal İnternational Baku" Turizm Professionalları Assosiasiyasının növbəti 13-cü toplantısı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin, eyni zamanda tanınmış turizm qurumlarının rəhbərlərinin də iştirak etdiyi tədbiri "Skal Bakı" klubunun prezidenti Ruslan Quliyev açaraq bildirdi ki, rəhbərlik etdiyi təşkilatın hər dəfə toplantısını yeni məkanlarda keçirməsi artıq bir ənənə halını alıb. Bunu yeni açılan hotellərin tanınması istiqamətində onlara dəstək üçün etdiklərini deyən R.Quliyev daha sonra "Skal Bakı" nın fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdi: "4 ildir fəaliyyət göstəririk. Bu müddət ərzində aktiv fəaliyyətinə görə təşkilatımız "Skal İnternational"ın Sidneydə keçirilən toplantısında, 2011-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən 2-ci Milli Turizm Mükafatına layiq görülüb. Bizim məqsədimiz Azərbaycan mədəniyyətini və ölkəmizin turizm potensialını dünyada təbliğ etmək, ölkəyə turistlərin cəlb edilməsinə nail olmaqdır. Bunun üçün də müxtəlif ölkələrin skal klubları ilə yaxından əməkdaşlıq edir, onlarla birgə layihələr həyata keçiririk".
R.Quliyev qeyd etdi ki, hazırda "Skal İnternational" 110 ölkəni əhatə edir. Dünyada 750 təşkilat və 22 min insan bu qurumun üzvüdür. Təşkilat gənc turizmçilərlə işləməyə daha çox üstünlük verir. "Skal Bakı"nın da bu istiqamətdə fəaliyyət göstərdiyini deyən klub prezidenti bildirdi ki, bir ay öncə ATİ-nin məzun və tələbələri ilə birlikdə "Young Skal" klubunu yaradıblar. Bu təşkilat ilk dəfə 1999-cu ildə Türkiyədə yaradılıb.
Sonra Kənan Hənifəyev "Young Skal" klubu haqqında məlumat verdi. Onun sözlərinə görə, "Skal Bakı"nın tərkibində yaradılmış "Young Skal"ın əsas fəaliyyəti Azərbaycan gənclərini turizm sahəsi haqqında maarifləndirmək, bu sahədə çalışanların şəbəkələşməsini təşkil etmək və dünyadakı oxşar qurumlarla əməkdaşlığın qurulmasıdır.
Azərbaycan Marketinq Cəmiyyətinin İdarə Heyətinin sədri Rəhim Hüseynov "Skal Bakı"nın görəcəyi işlər barədə danışdı. Onun sözlərinə görə, təşkilat bundan sonra da əməkdaşlıq etdiyi digər qurumlarla əlaqələrini genişləndirməli, onların dəstəyini almağa çalışmalıdır.
"Millennium" turizm şirkətinin əməkdaşı Əfqan Şahquliyev Avropa İttifaqının ali təhsil üzrə TEMPUS proqramı haqqında məlumat verdi. O bildirdi ki, bu təhsi proqramının əsas məqsədi davamlı inkişafa nail olmaq üçün modulların yaradılmasıdır.
"Spektr" treninq mərkəzinin təlimçisi Sevinc Əli isə təmsil etdiyi təşkilatın həyata keçirdiyi təlimlər haqqında danışdı. Ekoturizm üzrə mütəxəssis, "Ekoturizm Azərbaycan" təşkilatının rəhbəri Elman Yusifovun "Azərbaycanın turizm potensialı" adlı kitabı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Kitabı 10 illik zəhmətinin bəhrəsi hesab etdiyini deyən müəllif bildirdi ki, "Azərbaycanın turizm potensialı"nda ölkəmizin flora və faunası, tərixi-mədəni abidələri, təbii landşaftları və s. haqqında məlumatlar ingilis və Azərbaycan dillərində verilib. Bütövlükdə Qafqazın bir ekosistem, Azərbaycanın da bunun bir hissəsi olduğunu deyən çıxışçı qeyd etdi ki, adıçəkilən kitab bələdçilər, turizm şirkətləri, mehmanxana əməkdaşları üçün əvəzsiz bir vəsaitdir. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov kitabı hazırladığına görə müəllifə təşəkkür edərək bildirdi ki, təmsil etdiyi nazirliyin əsas hədəflərindən biri ölkəmizin həm tarixi, həm mədəni, həm də təbiət dəyərlərini turist məhsulu müstəvisinə gətirmək və onu yerli və xarici ölkə vətəndaşlarına təqdim etməkdən ibarətdir: "Mədəniyyət və Turizm Nazirliyi bu kitabın hazırlanması layihəsini dəstəkləyib. Bizim qənaətimizə görə, bu kitab bütün turizm şirkətləri və hotellərdə olmalıdır. Çünki turizm şirkətlərinin hazırladığı marşrut üzrə qonağın sadəcə gəlib Azərbaycanı gəzib getməsi azdır. Amma ən azı 5-10 cümlə ilə proqramda təbiət və tarixi abidələri təsvir etmək, onlar haqqında məlumat vermək çox vacibdir. Bu bir tərəfdən təqdim olunan xidmətin dəyərini artırır, digər tərəfdən isə müəyyən bir proqramla Azərbaycanın nə qədər zəngin turizm potensialına malik olduğunu bildirir. Ona görə də mən tövsiyə edərdim turizm şirkətləri və hotellər bu kitabdan bəhrələnsin, öz proqramlarında ondan istifadə etsinlər".
Ruslan Quliyev "Şafran" hoteli haqqında danışdı. Onun sözlərinə görə, hotel professional hotel idarəçisi Bəşir Hacıyevin rəhbərliyi ilə balyon-menecment tərəfindən idarə edilir. Hotel ötən ilin avqust ayından Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası ilə fəaliyyət göstərir. 49 otaqdan, 25-30 nəfərlik konfrans zalından ibarətdir.
Sonra "Skal Bakı"nın prezidenti tədbirin gündəliyində duran digər bir məsələnin - Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında mövcud olan əməkdaşlıq imkanları, bu istiqamətdə müşahidə olunan problemlər haqqında danışdı. Məsələni tədbir iştirakçılarının müzakirəsinə təqdim edən R.Quliyev bildirdi ki, təəssüf ki, Azərbaycanda turizm şirkətləri-hotel münasibətləri hələ də istənilən səviyyəyə çatmayıb: "Hotellər bizimlə əməkdaşlığa səthi yanaşırlar. Onlar düşünürlər ki, öz məhsullarını özləri tanıda bilərlər. Amma turizm sahəsinin qanunlarından biri də odur ki, hotel turizm şirkətinin köməyi olmadan özü özünü tanıda bilməz".
Məsələ ilə bağlı "Exselsior Bakı", "Hilton Bakı" hotellərinin baş menecerləri çıxış edərək turizm şirkətləri ilə əməkdaşlığın onlara yalnız fayda verəcəyini bildirdilər.
Sonra "Skal Bakı" klubu ilə Milli QHT Forumu arasında əməkdaşlıqla bağlı müqavilə imzalandı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB