Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu

Bu gün Suraxanı rayon Zığ qəsəbəsindəki 317 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının əməkdar elm xadimi, tanınmış oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Adın vüqarlıdır sənin ey qadın" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Suraxanı Rayonun İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Barxudar Barxudarov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, aparat rəhbəri Fərman Rəsulov, sədr müavini Solmaz Səfərova, Bakı şəhər təhsil idarəsinin nümayəndəsi Firdus Əhmədov, 282 nömrəli tam orta məktəbin direktoru Camal Əlirzayev, 315 tam orta məktəbin direktoru Dadaş Əliyev, Səttar Bəhlulzadə adına mədəniyyət evinin direktoru Vasif Rəhmanov, Suraxanı rayon Zığ bələdiyyəsinin daimi komissiyasının sədri Eldəniz Məmmədov və media nümayəndələri iştirak edib.

317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışıb, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu söyləyib.

Direktor görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı - ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb. Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar.

Anım mərasiminin sonunda şagirdlər Zərifə Əliyevaya və onun timsalında analara həsr edilmiş şeirlər oxuyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə