Qazaxıstan alimləri biliklərini Azərbaycanda artıracaq

Qazaxıstan alimləri biliklərini Azərbaycanda artıracaq

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Qazaxıstanın bir qrup gənc aliminə ixtisasartırma kursu keçəcək. SİA-nın məlumatına görə, Aktau şəhərində yerləşən Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin əməkdaşları bu niyyətlə Azərbaycana gəliblər. Onlar 5 ay ərzində Azərbaycan alimlərindən neft, neft geologiyası, quyuların qazılması və yataqların işlənilməsi sahələri üzrə bilik alacaqlar. Kurs Qazaxıstan Prezidentinin "Bolaşaq" Fondunun dəstəyi ilə təşkil edilib. Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev qeyd edib ki, fond ilk dəfədir qazaxıstanlıların Azərbaycana elmi səfərini dəstəkləyir.

Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qonaqlardan üçünün - Akmaral Koyşina, Manşuk Sarbopeyeva və Maral Karajanovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi-tədqiqat mövzuları təsdiq olunub. Xarici qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədqiqatlarda, o cümlədən çöl işlərində də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə