Son 3 il ərzində Azərbaycan "Uşaq Qaynar Xətt" Xidmətinə 5431 müraciət daxil olub. SİA-nın xəbərinə görə, bu barədə "Uşaq Qaynar Xətt" Xidmətinin rəhbəri Gülnar Ağayeva məlumat verib. O bildirib ki, müraciətlər şəhər daxili, mobil telefon, SMS və elektron poçt vasitəsilə göndərilir. Abonentlərin müraciətlərinin müxtəlif sahələrini əhatə edən problemlərin həlli ilə əlaqədar olduğunu deyən G. Ağayeva qeyd edib ki, xidmətə daxil olan müraciətlər psixoloji problemlər, uşaqların məktəb və bağçalarda qarşılaşdıqları problemlər, sosial sahə, hüquqi sahə və səhiyyə sahəsi ilə bağlı olub. Müraciət edənlər arasında artıq "Uşaq Qaynar Xətt" Xidmətinə öz problemlərini və sirlərini etibar edən daimi istifadəçilər də var.

G.Ağayeva qeyd edib ki, "Azərbaycan Uşaq Qaynar Xətt" Xidməti 2010-cu ilin fevralın 1-dən etibarən Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən "Ümidli Gələcək" Gənclər Təşkilatı, UNİCEF və bir sıra beynəlxalq təşkilatlarla birgə təsis edilib. "Uşaq Qaynar Xətt"i uşaqlar üçün yardım xidməti kimi yarandığı üçün bütün zənglər pulsuzdur. "Uşaq Qaynar Xətt"i 480 22 80, (088) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80 nömrələrində xidmət göstərir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə