Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədovun Masallı şəhərində partiya fəalları ilə görüşü olub. Tədbirdə YAP icra katibini müavini Mübariz Qurbanlı, millət vəkillərindən Hadi Rəcəbli, Cavanşir Paşazadə, Nəriman Əliyev və YAP-ın Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb. O, təşkilat haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Təşkilatın sədri bildirib ki, hazırda rayon təşkilatının 8 min nəfərə yaxın üzvü var: "Rayon təşkilatının üzvləri dövlətçilik mövqeyinə hər zaman sadiqdirlər. Bundan sonra da təşkilatın üzvləri ölkə başçısının yürütdüyü siyasəti müdafiə edəcəklər".
Tədbirdə daha sonra çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov hazırda bütün respublikada olduğu kimi Masallıda da böyük abadlıq işlərinin aparıldığını deyib: "Masallıda yeni sosial obyektlər istifadəyə verilir, yollar çəkilir, yaşayış məntəqələri qazlaşdırılır, kanalizasiya xətləri bərpa edilir. Bu bir tərəfdən rayonun abadlaşdırılmasına xidmət edirsə, digər tərəfdən də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir".
Sədr müavini bu ilin payızında keçiriləcək prezident seçkilərində YAP Masallı rayon təşkilatının bütün üzvlərini daha fəal olmağa və cənab prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.
Görüşdə həmçinin YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov da çıxış edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin danılmaz olduğunu qeyd edən Ş.Əbilov prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini bildirib. O, Masallı sakinlərinin seçkilərdə xalqımızın ləyaqətli oğlu İlham Əliyevin namizədliyini müdafiə edəcəklərini deyib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşdə səsləndirilən fikirlərlə həmfikir olduğun bildirib. Masallıda həyata keçirilən böyük sosial layihələrindən danışıb. İcra başçısı Masallı seçicilərinin cənab prezident İlham Əliyevin yürütdüyü siyasəti bundan sonra da dəstəkləyəcəklərini diqqətə çatdırıb.
Daha sonra YAP sədrinin müavini Əli Əhmədov Masallı gəncləri iə dəyirmi masa arxasında görüşü keçirilib.
Tədbirdə çıxış edən Əli Əhmədov son dövrlər sosial şəbəkələrdə gənclərin fəallığının artdığını diqqətə çatdırıb: "Lakin az sayda olsa da bəzi müxalifət qüvvələrinin respublikada görülən böyük işlərə kölgə salmaq cəhdlərinə rast gəlinir".
İcra katibi əlavə edib ki, Masallı gəncləri də sosial şəbəkələrdə fəal olmalı və bu kimi təxribatçılara tutarlı cavab verməlidirlər. Əli Əhmədov bir daha gəncləri prezident İlham Əliyevin ətrafında birləşməyə səsləyib.
Tədbirdə çıxış edən gənclər də öz növbələrində ölkədə gedən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Masallı rayonunda da diqqətəlayiq işlərin görüldüyünü, rayonda tez-tez respuklika səviyyəli yarışların keçirildiyini qeyd ediblər. 2013-cü ildə rayonda istifadəyə veriləcək Boks, Taekvendo Mərkəzlərinin, həmçinin Boradigah qəsəbəsində İdman Kompleksinin dövlətin region gənclərinin qayğılarına diqqətinin bariz nümunəsi olduğunu bildiriblər.Daha sonra çıxış edən gənclər lazım gələrsə,ölkədə təxribat törətmək istəyən qüvvələrə qarşı var qüvvələrini sərf edəcəklərini və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini hər zaman müdafiə edəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB