Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov Yardımlı Rayon İcra Hakimiyyətində (RİH) rayon təşkilatının fəalları ilə görüş keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Hadi Rəcəbli, Cavanşir Paşazadə, Nəriman Əliyev və YAP-ın məsul işçisi Mirkamal Seyidov iştirak edib.
Tədbirdə ilk olaraq çıxış edən YAP rayon təşkilatının sədri Mahir Mirzəyev təşkilat haqqında iştirakçılara geniş məlumat verib. Onun sözlərinə görə, son illər partiyanın sıraları xeyli genişlənib: "Hazırda rayonda YAP-ın 3000 nəfərə yaxın üzvü var".
M.Mirzəyev həmçinin rayonda gedən quruculuq işlərinə toxunub. O, bu işlərdə YAP üzvlərinin fəallığını da qeyd edib. Təşkilatın sədri növbəti prezident seçkilərində Yardımlı rayon üzrə partiya üzvlərinin fəal iştirak edəcəyini bildirib.
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov çıxışında respublikada gedən geniş abadlıq və quruculuq işlərinə toxunub. İcra katibi prezident İlham ƏLiyevin rəhbərliyi altında Azərbaycanın dünyada tanındığını, qüdrətli dövlətə çevrildiyini, ölkədə əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulayıb.
Tədbirdə Yardımlı RİH-nin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, son illərdə rayona dövlətimiz tərəfindən yardımlar edilib. Hazırda rayonda geniş layihə işi olan 30 milyon manat dəyərində su xətlərinin çəkildiyini, yolların əsaslı təmir olunduğunu, kəndlərdə yeni qaz xətlərinin çəkilişinə başladıqlarını diqqətə çatdıran icra başçısı qeyd edib ki, rayonda həmçinin Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının inzibati binasının, eləcə də Gənclər Mərkəzinin yeni binasının son tamamlanma işləri gedir. O həm də prezident seçkilərində Azərbaycan xalqının İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirib.
Daha sonra sədr müavini Ə.Əhmədovun rayon gəncləri ilə görüşü olub. Görüşdə rayonun Gənclər və İdman idarəsinin rəisi Anar Alışov çıxış edərək gəclərin rayonun ictimai-siyasi həyatındakı rolundan danışıb, ictimai fəaliyyətləri haqda məlumat verib.
O həmçinin gənclərin asudə vaxtının təşkili, onların zərərli vərdişlərdən uzaq durması üçün görülən tədbirlərə toxunaraq qeyd edib ki, prezident seçkilərində rayon gəncləri YAP-ın sədri, cənab prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Daha sonra icra katibi Əli Əhmədov gəncləri ayıq-sayıq olmağa, təxribatlara uymamağa və sosial şəbəkələrdə dövlətin apardığı siyasətə əks münasibət göstərənlərə qarşı fəal mübarizə aparmağa çağırıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB