Tələbələr yol pulu verməyəcək?

Azərbaycanda tələbələr dövlət nəqliyyatından güzəştli istifadə edəcək
Tələbələr yol pulu verməyəcək?

"Azərbaycan tələbələri cari ilin may-iyun ayına kimi "Azərbaycan Tələbə Kartı" ilə təmin olunacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, bu günə kimi artıq tələbələrin yarısı bu kartlarla təmin olunub. "Azərbaycan Tələbə Kartı" tələbələrə yönəldilmiş sosial bir layihədir: "Bu layihə çərçivəsində Azərbaycanda təhsil alan ali və orta ixtisas təhsili müəssisələrin tələblərinin, yəni 200 minə yaxın tələbənin hamısı "Azərbaycan tələbə kartı"nı əldə edəcək. Bu kartlar yalnız ölkədaxili deyil, eyni zamanda 30 Avropa ölkəsində aktivdir. Bu gün Azərbaycan tələbəsi bu kartla nəinki ölkədə, həmçinin Avropa ölkələrində müxtəlif güzəştlərdən istifadə edə bilər".

Nazir müavini həmçinin qeyd edib ki, bu gün Bakıda və regionlarda bir çox müəssisələr kartı olan tələbələrə güzəştli xidmətlər göstərir: "Amma biz çalışırıq ki, güzəştlə əhatə olunan müəssisələrin sayı genişləndirilsin və yeni xidmətlər əlavə olunsun. Hazırda bu kartları alan tələbələrin nəqliyyatdan güzəştli istifadə etməsi üzərində iş gedir. Yaxın zamanlarda Azərbaycan tələbə kartını alan tələbələr dövlət nəqliyyatından güzəştli istifadə edə biləcək".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə