"ASAN xidmət"in növbəti qonaqları

"ASAN xidmət"in növbəti qonaqları

Bu gün QHT Əməkdaşlıq Alyansının nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzində yaradılan şərait və iş prosesi ilə yaxından tanış olublar. SİA-nın məlumatına görə, qonaqları "ASAN xidmət"in gördüyü işlərlə tanış edən agentliyin rəisi İnam Kərimov bildirib ki, məqsəd QHT nümayəndələrini qurumun xidmətləri ilə tanış etməkdir.

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiq Qonağov isə vurğulayıb ki, bugünkü görüşdə əməkdaşlıq məsələləri müzakirə olunacaq: "Bu "ASAN xidmət"in QHT-lərlə ilk görüşüdür. Bu qurumla bir neçə müddət əvvəl belə təşkilatın yaradılması üçün fikir irəli sürmüşdük. Sevindirici haldır ki, təklifimiz müsbət qarşılandı və nəticəsi də göz önündədir. Bu gün də "ASAN xidmət" əhaliyə çox yüksək səviyyədə xidmət göstərir. İnanırıq ki, gələcək də əməkdaşlığımızı davam etdirəcəyik".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzi yanvarın 15-dən fəaliyyət göstərir. Hazırda "ASAN xidmət" mərkəzinin əhatə dairəsi genişlənməkdədir. Fevralın 11-dən etibarən Nəsimi, Nərimanov rayonu ilə yanaşı Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar da qurumun xidmətlərdən yararlana biləcəklər. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir.

Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə