600 dollar ödə, əsgərlikdən azad ol!

Gürcüstanda hərbi xidmətdən yayınanlar 600 ABŞ dolları məbləğində cərimə olunacaqlar
600 dollar ödə, əsgərlikdən azad ol!

Gürcüstanda fevral ayının 1-dən başlanan yaz çağırışı müddətində ümumilikdə 18-27 yaşlı 1650 vətəndaş hərbi xidmətə çağırılacaq. Bu 2012-ci ildəki 4 347 rəqəmindən əhəmiyyətli dərəcədə azdır. SİA-nın məlumatına görə, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Gürcüstanın Hərbi xidmət çağırışçıları üzrə əlaqələndirici xidmətinin sədri Goça Kharşiladzeyə istinadən məlumat verir.

G.Kharşiladze bildirib ki, hazırkı çağırış müddətində Müdafiə Nazirliyi üçün 600 nəfər, Daxili İşlər Nazirliyi üçün 670, Həbsxana Nazirliyi üçün isə 365 nəfər xidmətə çağırılacaq. Əgər vətəndaşlar mükəlləfiyyətli hərbi xidmətdən yayınsalar onlar 600 ABŞ dolları cərimə olunacaqlar. Tibbi müayinə fevralın 15-dən başlayıb və çağırışçılar artıq rəsmən qeydə alınıblar. Əgər vətəndaş öz hərbi xidmətini 18 aylıq təxirə salmaq istəyirsə, o, 1.200 ABŞ dolları ödəməlidir.

"Doktrina" JHAM-ın yerli mətbuatdan əldə etdiyi məlumatlara görə, ötən il 1.300 vətəndaş Daxili İşlər Nazirliyinə xidmət üçün çağırılıb, bu il isə bu rəqəm 670-ə düşüb. Həbsxana Nazirliyi üçün ötən il 650, bu il üçünsə 365-dir. Müdafiə Nazirliyi üçün rəqəmlər 2.397-dən 600-ə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə