"Çağ Öyrətim İşlətmələri" şirkətinin prezidenti Ənvər Özərən Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və "Çağ Öyrətim İşlətmələri" şirkətinin bir qrup əməkdaşları Bakı Ali Neft Məktəbində olublar və BANM-nin kollektivi ilə görüşüblər. SİA-nın məlumatına görə, qonaqları salamlayan rektor E. Qasımov bildirib ki, bir ölkəninin inkişafı onun savadlı kadr potensialından asılıdır. Dinamik sürətlə inkişaf edən ölkəmiz üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu təhsil islahatlarından danışan rektor qeyd edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə DövlətProqramı" və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəssisəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra E. Qasımov "Çağ Öyrətim İşlətmələri" şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu təhsil layihələrindən söhbət açıb.
"Çağ Öyrətim İşlətmələri" şirkətinin prezidenti Ənvər Özərən kollektivi təbrik edərək bildirib ki, Azərbaycanda müasir standartlara cavab verən belə universitetlərin qurulması olduqca vacibdir. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan Ənvər Özərən vurğulayıb ki, təhsil ölkənin inkişafı deməkdir. O, 20 il öncə Azərbaycana gəlməklərini xatırlayaraq qeyd edib ki, o zaman Azərbaycan üçün hər tərəfli ağır dövr idi, lakin bütün bunlara baxmayaraq Ümummilli lider cənab Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq bizim səmərəli fəaliyyətimiz üçün yüksək şərait yaratmışdır. Bu gün bu dəstəyi və yüksək diqqəti cənab prezidentimiz İlham Əliyev davam etdirir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək bildirib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbi ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır. O qeyd edib ki, bu iki universitet ümumi maraqlar baxımından bir-birlərinin təcrübələrindən yararlanmalıdırlar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB