Umud Rəhimoğlu gürcü jurnalistlərlə görüşdü

Umud Rəhimoğlu gürcü jurnalistlərlə görüşdü

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü, BMİ-nin Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəri Umud Rəhimoğlu bu günlərdə Gürcüstanda səfərdə olub. O, Gürcüstanda BMİ-nin üzvlü olmaq üçün müraciət edən bir qrup jurnalistlərlə görüşüb. SİA-nın məlumatıan görə, qonşu ölkənin tanınmış jurnalistləri Natia Koberidze, David Paitçadze, Mixeil Tavxelidze, Eka Tsamalaşvili və Paata Veşapidze ilə görüşündə U.Rəhimoğlu BMİ-nin missiyasından, gördüyü işlərdən danışıb, bu istiqamətdə onlarla ətraflı müzakirələr aparıb. Bu barədə U.Rəhimoğlu məlumat verib.

Onun sözlərinə görə, görüşdə BMİ-nin bu ilin may ayında İordaniyanın paytaxtı Əmman şəhərində keçiriləcək 62-ci qurultayı ilə bağlı da məsləhətləşmələr aparılıb. Eyni zamanda, görüşdə BMİ-nin Gürcüstan Milli Komitəsinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvü, millət vəkili Qənirə Paşayeva da iştirak edib.

U.Rəhimoğlu səfər çərçivəsində BMİ-yə üzv olmağı planlaşdıran "Financial" qəzetinin baş redaktoru Zviad Poçkua ilə də görüşüb.

O, qeyd edib ki, BMI-nin protokol qaydasına əsasən BMİ-nin icraçı direktoru xanım Alison Makkenzi bu il may ayının sonuncu həftəsi qurumun Gürcüstan Milli Komitəsinin yaradılmasını cəmiyyətə təqdim etmək üçün bu ölkəyə səfər edəcək.

Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatlarından biri olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın əksər ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda Milli Komitələri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə