Azərbaycanda jurnalistlərin təmsil olunduğu "Mətbuat qeyri-rəsmi" Qrupu "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının dəstəyi ilə bir qrup jurnalistin yeni istifadəyə verilən Şahdağ Qış-Yay turizm kompleksi ilə tanışlığını təşkil edib.
SİA-nın xəbərinə görə, 30-a yaxın jurnalistin iştirak etdiyi səfərə Xəzər TV, İctimai TV, ATV, Səs TV, Səs İnformasiya Agentliyi (sia.az) APA, Trend informasiya agentliklərinin, o cümlədən Lent.az, AzNews.az, Modern.az, Mediaforum.az, Publika.az, Femida.az saytlarının, bundan digər qəzetlərin əməkdaşları qatılıblar.
Səfər çərçivəsində Kompleks ilə tanış olan jurnalistlər öz aralarında debat da təşkil ediblər. Debatda Azərbaycandan keçən qədim İpək Yolu üzərində yerləşən məkanların turistik əhəmiyyəti, eyni zamanda bununla bağlı gənc jurnalistlərin təklifləri müzakirə olunub.
Tədbirdə jurnalistlər tərəfindən bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən daha çox dəstək qazananlar gənclər tərəfindən müasir informasiya texnologiyalarından istifadə edərək Azərbaycanın və bütün Böyük İpək Yolunda yerləşən digər ölkələrin potensialının dünyaya çatdırılması, Asiya və Avropanı birləşdirən bu Yolda yerləşən 25 ölkənin jurnalistləri arasında kommunikasiya qurulması üçün beynəlxalq konfransın keçirilməsidir. Həmçinin vurğulandı ki, gənclər bu sahədə fəallıq nümayiş etdirərək Azərbaycanın zəngin mədəniyyətinin həmin ölkələrdə tanıdılmasına bilavasitə qoşula bilər.
Tədbirdə Azərbaycanın regionlarında yaşayan gənclərlə mütəmadi görüşlərin keçirilməsi və Böyük İpək Yolunun tarixi əhəmiyyəti, müasir dünyadakı rolu, Azərbaycanın bu coğrafi müstəvidə yerləşən ölkələrlə sıx əlaqələrin qurulması mövzusunda seminar və müzakirələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının nümayəndələri təkliflərin önəmli olduğunu və bunun "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatı tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildiriblər.
Qeyd edək ki, "Mətbuat qeyri-rəsmi" Qrupunun əsası 2012-ci ilin yay aylarında qoyulub. Qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirərək Azərbaycanın, eləcə də xarici ölkələrlə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 250-dən çox üzvü var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB