İranın Azərbaycandakı səfirini Qarabağ məsələsindəki yalanlarına qoşması təəssüf doğurur

İranın Azərbaycandakı səfirini Qarabağ məsələsindəki yalanlarına qoşması təəssüf doğurur

Mübariz Əhmədoğlu: "İran Dağlıq Qarabağ məsələsinə yanaşmada Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyədən ibrət götürə bilərdi"

İranın Azərbaycandakı səfiri M.Pak Ayinin aktiv və təqdir olunası fəaliyyəti göz qabağındadır. Bəzən indiki qəliz dövrdə onun kimi diplomatın Azərbaycana səfir göndərilməsinə təəssüflənməli oluruq. Onun kimi xarakterə və bacarığa malik adamların missiyası o zaman alınır ki, həmin şəxs rəhbərlik etdiyi sahənin tam sahibi olsun və müstəqil fəaliyyət apara bilsin. İranın Azərbaycan Respublikasına qarşı siyasəti buna imkan vermir. Bu siyasətin uzun müddət dəyişməz qalacağını nəzərə alaraq ürək ağrısı ilə ümumiləşdirmək istəyirik ki, səfir M.Pak Ayinin zəhmətinin hədər getməsi ehtimalı hədsiz böyükdür.

Dağlıq Qarabağ məsələsində İran Xarici İşlər Nazirliyinin timsalında İran rəhbərliyinin Azərbaycana göndərdikləri səfirə badalaq gəlmələri eyibdir. İranın Azərbaycandakı səfirinin Dağlıq Qarabağ və İran-Ermənistan münasibətlərilə bağlı dedikləri İranın Ermənistandakı səfiri tərəfindən kinayə ilə qarşılanır,lağa qoyulyr. Hər halda İranın Ermənistandakı səfirinin çıxışları da İran XİN tərəfindən monitorinq olunur.

Dağlıq Qarabağ münaqişəsində marağı olan dövlətlər iki qrupa bölmək olar. Bir qrup dövlət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüquq normaları əsasında, dinc yolla tənzimlənməsinin tərəfdarıdır. ABŞ, Fransa, Rusiya, Avropa İttifaqı üzvləri və sair bu mövqedədirlər. İkinci qrup dövlətlər məhz Azərbaycan torpaqlarını işğal etdiklərinə görə Ermənistanla diplomatik, siyasi, iqtisadi əlaqələrdən imtina etmiş dövlətlərdir. Pakistan İslam Respublikası, Səudiyyə Ərəbistanı və Türkiyə bu qrupa aiddir. İranın mövqeyi Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə kimi müsəlman dövlətlərinin mövqeyi ilə eyni deyildir. Ən azı ona görə ki, İranın Ermənistanla diplomatik əlaqələri var, mal dövriyyəsi ildən ilə artır. İran ən azı müstəqil Ermənistanı üç dəfə "ölümdən xilas" edib. İranın hal-hazırda rəsmi mövqeyi hətta Qərb dövlətlərinin mövqeyi ilə də üst-üstə düşmür. Dağlıq Qarabağ münaqişəsində vasitəçi dövlətlərin rəsmi mövqeyilə İranın rəsmi mövqeyində olan fərq Azərbaycanın ziyanına, Ermənistanın xeyrinədir. Belə olan təqdirdə, İran nə haqla özünü Azərbaycan xalqına dost-qardaş kimi sırımaq istəyir. İran deyə bilər ki, biz "Azərbaycan xalqının düşməni deyilik". Bu tezis üzərində polemika aparmaq olar. İranın "Azərbaycan xalqının və dövlətinin dostu olması" tezisi heç cür işə yaramır. Ermənilər İranın bu tezisi ilə polemikaya girib, özlərinin İrana nisbətən bizə daha yaxın dost olduğunu sübut edə bilərlər.

Fələstin və Dağlıq Qarabağ münaqişələrinə münasibətdə də İranın rəsmi mövqeyindəki fərq diqqətdən kənarda qala bilməz. Həm Fələstin, həm də Dağlıq Qarabağ qeyri-müsəlmanlar tərəfidən işğala məruz qalıb. Fələstin İrandan 1000-1500 km aralıda olduğu halda, Dağlıq Qarabağ İranın sərhədlərinə birbaşa toxunur. İran Fələstin məsələsində müharibəni alternativsiz variant hesab edir. İrandan 15-16 dəfə kiçik olan Fələstin və İsrail əhalinin sayı və digər parametrlər üzrə bərabərdirlər.

Dağlıq Qarabağ münaqişəsində İran tənzimləmənin yalnız və yalnız dinc yolunu qəbul edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistan Azərbaycandan parametrlərinə görə ən azı üç dəfə, İrandan isə 25-30 dəfə kiçikdir.

Belə vəziyyətdə İranı başa düşmək üçün ağlın başında olmaya. Başqa variant görmürük. Yalnız bir qrup nadanımız İranın açıq-aşkar ermənipərəst əməllərini görmək istəmir. Qalan əhalimiz İranın kim olduğunu bilir.

İranın Azərbaycandakı səfirindən İranın 15 qonşusunun adını bir-bir çəkməsini xahiş edirik. Səfir fəaliyyəti dövründə, ən azı, üç dəfə (bizə bəlli olan) bu fikri işlətmişdir. Əgər səfir hesab edirsə ki, aktivlik, mehribanlıq nümayiş etdirməklə əhalimizin beyninə müəyyən fikirləri yeridə biləcək, səhv düşünür.

İranın Ermənistandakı səfiri Azərbaycanı heç nəyi olmayan dövlət, xalq hesab edir. Bir tərəfdən onun fikrini başa düşmək olar, çünki İran adlı ərazi, o cümlədən bundan da əlavə ərazilər vaxtilə tam bizim mülkimiz idi; indi İrana vermişik. İrandakılar bu qədər ərazi və təbii resurslara sahiblənmələrinə baxmayaraq, heç bir irəliləyiş əldə edə bilmirlər. Dağılmış, xarabazar vəziyyətdə olan dövlətimizi ələ aldıq və qurmuşuq və bu gün bir çox parametrlər üzrə İrandan irəlidəyik. Vaxt gələr keçmiş mülklərimizə də sahib çıxıb, inkişaf etdirərik.

İranlılarla ermənilərin Azərbaycan xalqının yaşı barədə eyni ritorikadan çıxış etməsi də bizim üçün qəribə deyildir. Qəribə olan odur ki, 100 yaşlı qoca özünü 12-13 yaşlı gəncdən perspektivli hesab edir. Farslar və ermənilər qocalmış, ən azı, üç dəfə nəsil dəyişmiş millətlərdir. Həm ermənilərin, həm də farsların indiki nəsli, əvvəlki iki nəslin danışdığı dili, yazdığı yazını bilmirlər. Azərbaycan xalqı isə gəncdir və ölməyə hazırlaşmır; irəliyə, inkişaf etmək yolundadır.

Mövlanə Cəlaləddin Rumidən dillər əzbəri olmuş deyim var: "ya olduğun kimi görün, ya da göründüyün kimi ol";İran müsəlmandırsa, özünü müsəlman kimi aparsın, yox, erməni dostudursa, bunu aşkar bəyan etsin. Bizim əhalimizin cüzi bir hissəsini də çaşdırmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə