Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib FOTO

Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib FOTO

Iğdırda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib. Konfransın təşkilatçılarından olan Türk Eğitim Sen İqdır şöbəsi başqanı Ali Arslan çıxışında 1992-ci ilin fevral ayında ermənilərin Qaradağlıda və Xocalıda bir soyqırım törətdiklərini və bütün dünyanın ermənilərin bu vəhşiliyini bilməli və qınamalı olduğunu deyib. SİA-nın məlumatına görə, konfransın aparıcısı tarixçi Arslantürk Akyıldız isə ermənilərin 1915-ci ildən bəri, yəni Türk millətinə qarşı düşmənçiliyə başladıqları gündən hər fürsətdə Türk millətinə qarşı hücumlar təşkil etmələrinə diqqət çəkərək qeyd edib: "Ermənilər Türk millətinin yaşadığı hər yerdə qətliam, soyqırımlar törədiblər, silahsız insanları qətlə yetiriblər. Azərbaycanda da eyni qətliamları, soyqırımları Xocalıda, Qarabağda, Qaradağlıda törədiblər, dinc insanlara qarşı vəhşilik ediblər. Ermənilərin törətdikləri bu vəhşilikləri sadalamaqla bitmir".

Tədbirdə çıxış edən Türkiyənin millət vəkili Sinan Oğan Xocalı soyqırımı haqqında danışaraq, bu soyqırımın beynəlxalq aləm tərəfindən tanınmağın vacibliyini qeyd edib. Beynəlxalq aləmi erməniləri Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilmələri üçün təzyiq göstərməyə çağırdı. Türkiyəli millət vəkili qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

Tədbirdə iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Ermənistan dövlət rəsmilərinin təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edən Qənirə Paşayeva bunları söylədi: "Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur".

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Tədbirdə çıxış edən professor Yusuf Halaçoğlu ermənilərin taxir boyu türklərə qarşı soyqırım siyasəti yürütdüklərini, Xocalı Soyqırımının bütün türklərə qarşı bir soyqırım olduğunu bildirib. Erməni yalanlarına qarşı mübarizədə Azərbaycan ilə Türkiyə arasında birlik və bərabərliyin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Aydın Mirzəzadə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında heç bir şey əldə edə bilmədiklərini, iqtisadi cəhətdən çətinliklər yaşadığını qeyd edərək, "əgər işğal edilən torpaqlar olmasaydı, Xocalı faciəsi də yaşanmazdı və ermənilər Azərbaycan ilə dost olsaydılar, indi inanıram ki, iqtisadiyyatları da daha yaxşı olardı. Xocalıda yaşananlar bir soyqırımdır, ermənilər bunun hesabını verəcəklər", - dedi.
Qeyd edək ki. tədbirdə həmçinin İqdır valisinin müavinləri Şenol Kaya, Hacı Uzkuç, Azərbaycanın Qarsdakı baş konsulu Asiman Əliyev, Türkiyə Azərbaycan dərnəyinin baş katibi Ənvər Türkoğlu, İqdır şöbəsi başqanı Serdar Ünsal, İstanbul Azərbaycan dərnəyinin sədri Səfər Karakoyunlu və başqaları çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini qeyd etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə