Şirvanda otən ilin nəticələri müzakirə olunub

Şirvanda otən ilin nəticələri müzakirə olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Şirvanda istehsal olunan məhsulların sərgisinə baxış keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda icra hakimiyyətinin başçısı Mərdan Camalov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, yola saldığımız 2012-ci ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında mühüm nəticələr əldə edilib, bir sıra məhsul növlərinin istehsalı sahəsində əsaslı dönüş yaradılıb. Nəticədə əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Hesabat ilində Şirvan şəhəri üzrə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi 348 milyon manat təşkil edib ki, bu da 2011-ci illə sabit qiymətlərlə müqayisədə 5,2 faiz çoxdur. Sənaye sahələrində istehsal olunmuş məhsulun 32,6 faizi dövlət, 67,4 faizi qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilib. Hesabat dövründə şəhərdə 333 min ton neft, 10 milyon kub.metr qaz, 2,6 milyard kvt/saat elektrik enerjisi istehsal edilib. 2012-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi 28,4 milyon manat olub ki, bu da 2011-ci illə müqayisədə 70,0 faiz çoxdur.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 24,4 milyon manat həcmində olub ki, bu da 2011-ci illə müqayisədə 28,7 faiz çoxdur. Şəhərdə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 348,3 manat olmaqla 2011-ci illə müqayisədə 3,6 faiz artıb. İl ərzində şəhər əhalisinə göstərilən iaşə xidmətlərinin həcmi 2011-ci ilə nisbətən 6,1 faiz artaraq 4,3 milyon manat təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi xeyli artaraq əvvəlki illə müqayisədə 4,5 faiz (30,8 milyon manat) çox olub.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində həmişə olduğu kimi Şirvan şəhərində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 24 dekabr 2007-ci ildə təməli qoyulmuş 780 MVT gücündə "Cənub" ES-nin istifadəyə verilməsi üçün son sazlama və tamamlama işləri gedir.

Müdafiə Sənayesinin tabeliyində olan "Telemexanika" və "Araz" zavodlarında genişmiqyaslı tədbirlər həyata keçirilib, görülən işlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, bu işləri daha da sürətləndirmək üçün öz dəyərli tövsiyələrini verib. Azərbaycan Silahlı Qüvvələrini NATO dövlətlərinin standartlarına uyğun yeni növ hərbi sursatlarla təmin etmək məqsədi ilə sahəsi 3700 kv.metr olan istehsal sahəsi tikilib. "Araz" zavodunda 4 yeni ən müasir istehsal sahəsi istifadəyə verilib, 2 yeni istehsal sexinin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.

2012-ci ildə məhəllədaxili yollara 10 kilometrdən artıq asfalt örtük salınıb. Dövlət Proqramı çərçivəsində əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə çox böyük işlər görülüb. Uzun illər qaz təminatı çox zəif olan bəzi yaşayış massivlərinə yeni qaz xətləri çəkilib, şəhər əhalisinin böyük əksəriyyəti normal qazla təmin olunub. Şəhər əhalisinin qazla təminatı sahəsində çox böyük işlər görülməsinə baxmayaraq təəssüflə qeyd etməliyəm ki, ötən ilin noyabr ayında bir mənzildə su qızdırıcısının işlək vəziyyətdə nəzarətsiz qalması və digər mənzildə qaz xəttinin açıq qalması səbəbindən partlayış baş verib, nəticədə 3 nəfər dünyasını dəyişib, 1 nəfər yaralanıb. Bu, dəhşətli faciədir. Bütün aidiyyəti qurumlara bu barədə ciddi xəbərdarlıq edilib, əhalinin maarifləndirmə işi gücləndirilib. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq 1 saylı körpələr evi-uşaq bağçasında və 12 saylı orta məktəbdə bərpa-gücləndirmə, əsaslı təmir işləri başa çatdırılıb. Dünya Bankının ayırdığı vəsait hesabına 16 saylı tam orta məktəbdə əsaslı təmir, Bayramlı qəsəbəsində isə 480 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılıb. Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün hələ görüləsi işlər çoxdur. Şəhərin 13, 20, 21 saylı tam orta məktəblərinin əsaslı təmir olunmasına və "Bağ evləri" yaşayış massivində yaşayan əhalinin çoxluğunu və uşaqların magistral avtomobil yolundan keçərək məktəbə getmək üçün böyük məsafə qət etmələrini nəzərə alaraq həmin ərazidə yeni məktəb binasının tikintisinə kəskin ehtiyac vardır. Eyni zamanda şəhərdə ən azı 4 yeni uşaq bağçasının tikintisi vacib məsələlərdən biridir. Bu və digər problemlər barədə müvafiq instansiyalara şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə rəsmi müraciətlər edilib.

Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq şəhər poliklinikası, Uşaq Birləşmiş Xəstəxanasının anestizologiya, reanimatologiya, urologiya, terapiya şöbələri, məhkəmə tibbi ekspertizasının binası əsaslı təmir edilib. Şəhər Mərkəzi Xəstəxanasının vəsaiti hesabına Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası, vərəm şöbəsi təmir edilib, xəstəxananın ərazisi abadlaşdırılıb. İl ərzində xəstəxanaya 18745 xəstə daxil olub, imtiyazlı xəstələrə 204 min manat dəyərində pulsuz dərmanlar verilib. Görülmüş işlərə baxmayaraq hələ ki, bu sahədə nöqsanlar da az deyil. Şəhər Doğum evində ana və uşaqlar arasında xəstələnmə, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasına, maddi-texniki bazanın gücləndirilməsinə baxmayaraq doğuşa qədərki qulluq və doğuş zamanı ilkin tibbi yardımın vəziyyəti tələb olunan səviyyədə deyil. Ötən il 1 ana ölümü qeydə alınıb. Bu yolverilməzdir. Mən bu gün Mərkəzi Şəhər Xəstəxanasının və bilavasitə Doğum evinin rəhbərliyinə ciddi iradımı bildirirəm və onlara xəbərdarlıq edirəm ki, Doğum evindəki mövcud nöqsanlar çox qısa zamanda aradan qaldırılmasa, şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görüləcək.

1 aprel 2010-cu ildə təməli cənab Prezident tərəfindən qoyulan Olimpiya İdman Kompleksində tikinti işləri davam etdirilir və bu ilin birinci yarısında kompleksin istifadəyə verilməsi nəzərdə tutulur.

Görülən işlərlə yanaşı Dövlət Proqramında nəzərdə tutulan bəzi həlli vacib tədbirlərin icrası hələ də gecikdirilir. Yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsi məsələsi 2009-2012-ci illərdə bilavasitə Sənaye və Energetika, Kənd Təsərrüfatı Nazirliklərinə həvalə edilib. Şəhər İcra Hakimiyyəti öz növbəsində şəhərin Bayramlı qəsəbəsində kifayət qədər ixtisaslaşmış işçi quvvəsi olduğunu əsas gətirərək qəsəbədə toxuculuq fabrikinin və ya hər hansı yüngül sənaye yönümlü bir müəssisənin yaradılması təklifi ilə dəfələrlə hər iki nazirliyə müraciət edib. Təəssüf ki, 4 il müddət keçməsinə baxmayaraq adları qeyd olunan Nazirliklər bu istiqamətdə heç bir iş görməyib. Eləcə də Dövlət Proqramında 2010-2013-cü illərdə Şirvan şəhərində sosial təyinatlı ictimai binaların istilik təchizatının yaxşılaşdırılması üçün mövcud olan qazanxanaların modernləşdirilməsi, qaz, su və elektrik xətlərinin çəkilişi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası "Azəristiliktəchizat" ASC-yə həvalə edilib. Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə ilk növbədə istilik təchizatının bərpası zəruri olan sosial obyektlərin siyahısı təxminən iki il bundan əvvəl (14.03.2011-ci ildə) "Azəristiliktəchizat" ASC-yə göndərilib. Təəssüf ki, hələ bir nəticə yoxdur.

Tikintisi ARDNŞ tərəfindən aparılan 7200 yerlik şəhər stadionunun tikintisi 2008-ci ildən naməlum səbəblərdən dayandırılıb. Şəhər İcra Hakimiyyəti ARDNŞ-nin rəhbərliyinə dəfələrlə stadionun tikintisinin başa çatdırılması xahişi ilə müraciət ünvanlayıb, lakin hələlik heç bir nəticə əldə edilməyib.

2012-ci ildə şəhərin yerli gəlirlərinin proqnozu 10,2 milyon manata qarşı 10,6 milyon manat və ya 103,7 % yerinə yetirilərək proqnozda nəzərdə tutulduğundan 383 min manat artıq vəsait daxil olub. Yerli xərclərin 2012-ci ildə faktiki icrası 2011-ci illə müqayisədə 69,3% çox olub.

Aztəminatlı ailələrə 2,2 milyon manat həcmində vəsait ödənilib ki, bunun da 1,5 milyon manatı ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı olub. 1229 ailənin 4704 üzvünə ünvanlı sosial yardım ödənilib.

İl ərzində Məşğulluq Mərkəzinə 1237 nəfər işaxtaran vətəndaş müraciət edib. Müraciət edənlərdən 1133 nəfəri işlə təmin olunub (672-si daimi iş yeridir), 68 nəfərinə işsiz statusu verilib. Son 4 ildə şəhərdə 4279 iş yeri açılıb ki, onlardan 2779-u daimi iş yerləridir.

2012-ci ildə Şirvan şəhərində qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində uğurlu addımlar atılıb, tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin həcmi genişləndirilib.

Heydər Əliyev prospektində Daxili İşlər Nazirliyinin sifarişi ilə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Regional Mərkəzinin müasir memarlıq üslubunda 2 mərtəbəli inzibati binası, Regional Qeydiyyat İmtahan Texniki Baxış Bölməsinin maliyyə məntəqəsi istifadəyə verilib. Şirvan memarlıq məktəbinin ənənələrini özündə əks etdirən "Xalq Bank" ASC-nin bank filialının tikintisi artıq tamamlanmaq üzrədir. Şirvan Regional Refleks və Toksikologiya və Karantin Ekspertiza laboratoriyasının tikintisi davam edir.

"Gənclər evi"nin tikintisi sürətlə davam etdirilir. Hazırda 2-ci mərtəbənin betonlama işləri aparılır. Bayramlı qəsəbəsinin Sabir küçəsində yerləşən fiziki aşınma nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşmüş və bu səbəbdən də müvəqqəti olaraq məktəblərdə yerləşdirilmiş 12 ailə üçün 2 mərtəbəli evin tikintisinə hazırlıq işi başa çatdırılıb.

Regional Vergi İdarəsi üçün binanın təməli qoyulub, hal-hazırda tikinti işləri davam etdirilir.

Şəhərin giriş hissəsində ümumi sahəsi 1,3 hektar, hündürlüyü 76 metr olan əzəmətli "Bayraq Meydanı"nın və istirahət parkının tikintisi başa çatdırılıb. "Salyan dairəsi" adlanan ərazidə Çin Xalq Respublikasından gətirilmiş gözoxşayan, ən müasir işıqlı fontan, ulu öndər Heydər Əliyevin abidəsi yerləşən meydanın davamı olan sahədə işıqlı və musiqili 2 ədəd fontan quraşdırılıb sakinlərin istifadəsinə verilib. Ulu öndər Heydər Əliyev abidəsi önündəki 8000 kv.m. sahədə aşınmış tamet tavalar yeni, ən müasir dekorativ tamet tavalarla əvəz edilib. F.Eynullayev küçəsində uzunluğu 530 metr və l-t İbrahimov küçəsində uzunluğu 280 metr olan piyada yolu tamet tavalarla yenidən qurulub.

L-t İbrahimov küçəsi ilə F.Eynullayev küçələri arasından keçən dəmir yolundan keçmək üçün 4 ədəd yeni keçid tikilib istifadəyə verilib, 1 keçidin tikintisi tamamlanmaq üzrədir.

Şəhərdə gedən genişmiqyaslı abadlıq-quruculuq işlərində şəhər Bələdiyyəsi də yaxından iştirak edib.

Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar qəzalı vəziyyətə düşmüş, yaşayış üçün yararsız olan evlərin əvəzinə 23 bir mərtəbəli fərdi yaşayış evi tikilib, hal-hazırda FHN tərəfindən 6 ədəd fərdi yaşayış evinin inşasına başlanılıb və hazırda tikinti işləri davam etdirilir. Qəzalı vəziyyətdə olan barak tipli evlərin sakinləri üçün 1 ədəd 20 mənzilli yaşayış binasının tikilməsi nəzərdə tutulub. 2012-ci ildə 192 nəfər şəhər əhalisinə ümumilikdə 293700 manat məbləğində kompensasiya ödənilib (Ümumilikdə 438 min manat).

2012-ci il ərzində yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, aqrotexniki qaydada qulluq göstərilməsi yüksək səviyyədə yerinə yetirilib. Ümumilikdə ötən il 4 min ədədə yaxın ağac, 8 min ədəddən artıq müxtəlif gül kolları əkilib. İl ərzində yaşayış massivlərində 3 nümunəvi məhəllə (17-ci) salınmış, uşaq əyləncə və idman qurğuları, monolit konstruksiyalı günlük və oturacaqlar quraşdırılmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Xeyir-şər mərasimlərinin keçirilməsi üçün 3 bina tikilib və hər cür ləvazimatlarla təchiz edilib. İctimai yaşayış binalarında 8100 kv.metr yararsız dam örtüyü əsaslı təmir edilib. İcra başçısı çıxışının sonunda qarşıda duran vəzifələrdən danışaraq bundan sonra da fəaliyyətlərini prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun şəkildə həyata keçirəcəklərini bildirdi. Məruzə ətrafında çıxışlar dinlənildi. Yığıncaqda Prezident Admnistrasiyasının məsul şəxsi Əlibaba Əliyev və Millət vəkili Azay Quliyev də iştirak edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə