Əli Hüseynli: "Çox iş görürük, amma istədiyimiz nəticəni vermir"

Əli Hüseynli: "Çox iş görürük, amma istədiyimiz nəticəni vermir"

Bu gün Bakıda "Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, layihə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə təşkil olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihənin məqsədi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə keçiriləcək layihənin məqsədi qadınların hüquqları və sosial və iqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi eləcədə qadınlara qarşı zorakılıq edilməsi ilə mübarizəni dəstəkləməkdir: "Son illər ölkədə cəmiyyətin bu problemə münasibəti dəyişib. Ən əsası isə odur ki, bu məsələdə davamlı iradə mövcuddur. Bu istiqamətdə ölkədə bir çox işlər görülsə də hələ də hər şey istədiyimiz kimi alınmır. Buna görə də mövcud problemin qarşısını almaq üçün birgə işlər görülməli və məsələ qarşılıqlı şəkildə həll edilməlidir".

"Layihə çərçivəsində qadınların sosial iqtisadi potensiallarının genişləndirilməsi, ailə daxili zorakılığın qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailə daxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardım göstərilməsi nəzərdə tutulur"-deyən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, hər kəs bu problemin həlli üçün birgə əməkdaşlığa dəvət olunur. Onun sözlərinə görə, ölkədə ailənin qorunması, mövcud problemlərin aradan qaldırılması üçün güclü siyasət həyata keçirilirsə, hər kəs buna dəstək olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə