Lənkəranda “Dövlət-din münasibətləri” mövzusu

İki günlük regional konfrans öz işinə başlayıb
Lənkəranda “Dövlət-din münasibətləri” mövzusu

Bu gün Lənkəran şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Respublikanın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda iki günlük regional konfrans işinə başlayıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, sonra Şəhidlər Xiyabanına baş çəkərək Lənkəran şəhidlərinin xatirəsini yad ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.

Regonal konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Lənkərandakı toplantının müxtəlif bölgələrimizdə keçiriləcək analoji tədbirlərin ikincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışıb. Bildirib ki, müstəqillik əldə etdikdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Ulu öndər H.Əliyevin müstəsna xidmətlərini qeyd edən E.İskəndərov ,hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri sadalayıb. Komitə sədri son vaxtlar bəzi siyasi qrupların dini icmaları siyasi oyunlara cəlb etmək cəhdlərinə toxunaraq bildirib ki, inanırıq və əminik ki, onlar cəmiyyətin parçalanmasına yönələn bu cür oyunlara qoşulmayacaqlar.

Daha sonra çıxış edən Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu konfrans sayca ikinci olsa da, sonuncu deyil: İlk növbədə Dövlət Komitəsinə belə bir təşəbbüsü üçün təşəkkürünü bildirən Hacı Allahşükür Paşazadə belə tədbirlərin ölkə dindarlarının maariflənməsi işində mühüm rol oynayacağını vurğulayıb. Cənub bölgəsinin dini zəmində ən tolerant, dövlətçilik, azərbaycançılıq ideyalarına daim hörməti ilə seçilən bölgələrimizdəndir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov din-dövlət məsələlərinin həmişə dövlətimizin diqqət mərkəzində olduğunu, bu səbəbdən də ölkəmizdə dinlər və millətlər arasında tolerant mühitin hökm sürdüyünü, bu sahənin əksər dünya dövlətləri üçün əsl örnək olduğunu diqqətə çatdırıb.

Konfransada çıxış edən QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bidirərək dövlətimiz tərəfindən daim dövlət-din münasibətlərinin sivil formada inkişafı üçün lazımı tədbirlər görüldüyünü önə çəkib.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasındanı söhbət gedən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri, Cənub rayonlarının icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və QMİ Elmi-Dini Şurasının rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə