Milli Məclisin plenar iclasında "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qeyd olunan məsələlərlə bağlı layihə müəllifi, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verib.
Belə ki, dəyişikliklərə müvafiq olaraq "Dini etiqad azadlığı haqqında" qanunun 24-cü maddəsinə əlavə bənd də salınıb. Əlavəyə əsasən, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə bilməz, təklifə razılıq verə bilməz.
Ç.Qənizadə bildirib ki, 200 manatadək verilən ianənin rəsmiləşdirilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklər çirkli pulların yuyulmasının qarşısını almağa, xarici missioner təşkilatların çirkin niyyətlərini qarşısının alınmasına xidmət edir: "Bu gün dini qurumlara, icmalara istər xarici ölkələrdə, istər daxili qüvvələr tərəfindən yardımlar edilir ki, bunun da heç bir hesabatı aparılmır və nəzarətdən kənarda qalır. Bir çox hallarda isə bu vəsaitlər həmin qüvvələrin çirkin məqsədləri üçün istifadə olunur. Bu dəyişikliklər məhz bu boşluqların aradan qaldırılması və rəsmiləşdirilməsinə xidmət edir".
Layihə müəllifi deyib ki, bu gün QHT-lərin fəaliyyətinin şəffaflığının təmin edilməsində də müəyyən boşluqlar var. Bununla bağlı da İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar. Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə, vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək miqdarda cərimə edilir.
Daha sonra layihələrin müzakirəsi başlayıb.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu layihələrlə bağlı bəzi QHT-lərin narahatlıqlarını haqlı sayıb. O, bəzi QHT-ləri qeydiyyata almadığına görə Ədliyyə Nazirliyini tənqid edib: "Mən bilmirəm ki, Ədliyyə Nazirliyi niyə QHT-lərin qeydiyyatına problem yaradır".
Fazil Mustafa isə cərimələrin çox olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni dəyişiklik QHT-lər üçün problemlər yaradacaq: "Onsuz da hazırda QHT-lər ildə 19 dəfə hesabat verir. Bunu daha da artırmaq lazım deyil".
Müzakirələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB