Azərbaycan turizmi Qara dənizdə

Türkiyənin Ordu şəhərində Qaradəniz Turizm Sərgisinin açılışı olub. Bu şəhərdə birinci dəfə təşkil olunan sərgiyə Azərbaycan, Gürcüstan, Qırğızıstanla bərabər Qaradəniz bölgəsinin 11 şəhərindən 55 qurum qatılıb.

Azərbaycanı isə sərgidə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və "Heritage Travel" Turizm şirkəti təmsil edir.
Birlikdən SİA-ya verilən məlumata görə, Ordu Mədəniyyət və Turizm Mərkəzində baş tutan açılış mərasimində Ordu valisi Orhan Düzgün, Samsun valisi Hüseyn Aksoy, Sinop valisi Ahmet Cengiz, Amasiya valisi Abdil Cəlil Öz, Girəsun valisi Dursun Əli Şahin, Ordu şəhər qarnizon komandiri polis polkovniki Şərəf Çakmak və tanınmış iş adamları iştirak edib.

Ordu valisi Orhan Düzgün çıxışında Qaradəniz bölgəsində son illərdə qonaq qəbul etmək imkanlarının ciddi şəkildə artdığını, bölgənin yay və qış turizmi baxımından Türkiyə bu sahədə önəmli paya sahib olduğunu vurğulayıb. Vali sərginin bu bölgənin tanınmasında çox önəmli rol oynayacağını deyib.

Açılış mərasiminin bədii hissəsində Qaradəniz bölgəsindən olan müxtəlif sənətçilərlə yanaşı, Miras musiqi qrupu da Azərbaycan muğamlarını təqdim edib.

Qeyd edək ki, MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli, sədr müavini Arzu Soltan, şöbə müdirləri Albina Rzayeva, Nicat Nuriyev, "Heritage Travel" şirkətinin əməkdaşları Valeh Cəfərov və Zəka Babazadə ilə sərgidə təmsil olunan nümayəndə heyətimiz də Azərbaycanın turizm imkanlarını sərgi ziyarətçilərinə nümayiş etdirir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun istehsalı olan müxtəlif kitablar, jurnallar, CD-lər sərgiyə gələnlərə paylanır. Eləcə də, sərgidə MİRAS İB-nin və "Heritage Travelin" nəşrləri- jurnallar, kitablar, flayerlər, CD-lə və başqa tanıtma materialları yayılır. Eyni zamanda sərgiyə qatılan müxtəlif turizm şirkətləri, səyahət agentlikləri, otellər və s. ilə əməkdaşlıq qurulur, razılaşmalar əldə olunur.

Qaradəniz Turizm sərgisi fevralın 17-ə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə