QHT rəhbəri bəyanat verdilər

Bir qrup QHT rəhbəri bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, bəyanatda Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna və "Qrantlar haqqında" qanuna dəyişikliklər etmək niyyətinə toxunulur.

Təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətləri qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə Ədliyyə Nazirliyinə təqdim olunmadığı halda vəzifəli şəxslərin 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərin isə 5 min manatdan 7 min manata qədər cərimə olunması nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə əlavələrdə qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək miqdarda cərimə olunsun. Eyni zamanda təklif olunur ki, yalnız nizamnaməsində əsas məqsədi xeyriyyəçilik kimi göstərilmiş QHT-lər 200 manatadək ianəni nağd formada ala bilərlər.

QHT rəhbəri bildiriblər ki, QHT-lərin fəaliyyətində müəyyən dəyişikliklərə gətirib çıxaracaq qanun layihəsinin vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan müzakirəsi yolverilməzdir: "Bu, Azərbaycanın mövcud qanunvericiliyinin (Milli Məclisin əsasnaməsinin) və Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə 14 saylı tövsiyəsinin ("Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında") 77-ci maddəsinin pozulması deməkdir. Bu bəyanatı imzalayan QHT-lər Milli Məslisin üzlərinə müraciət edərək onları Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına əngəl yaradacaq bu dəyişikliklərə səs verməməyə çağırır".

Bəyanatı Qubad İbadoğlu, Rəna Səfərəliyeva, Sabit Bağırov, Novella Cəfəroğlu, İradə Cavadova, Leyla Əliyeva, Azər Mehtiyev, Rey Kərimoğlu və başqaları imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə