KİV rəhbərləri Asan Xidmətdə

Bu gün 30-a yaxın mediya qurumlarının rəhbərləri və nümayəndələri Asan Xidmət Mərkəzinin inzibati binası və xidmətləri ilə tanış olublar. SİA-nın verdiyi məlumata görə, Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov açıqlamasında bildirib ki, mərkəzin yaradılmasında məqsəd əlavə xərclərin, vaxt itkisinin azladılmasına və vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olmaq, peşəkarlıq səviyyəsini artırmaq, elektron xidmətlərdən daha geniş istifadə etməkdir.

Onun sözlərinə görə, Mərkəz nahar fasiləsi olmadan, şənbə və bazar günləri də daxil olmaqla hər gün işləyir. Burada çalışan əməkdaşların iş vaxtı 20:00-a kimi davam etdiyindən vətəndaşlar işdən çıxdıqdan sonra da Mərkəzin xidmətlərindən yararlana biləcəklər. Gələcəkdə isə mərkəz həmçinin səyyar xidmətlər göstərəcək. Sədr qeyd edib ki, Mərkəz fəaliyyətə başladığı gündən etibarən artıq 12 000 vətəndaşın müraciətini qəbul edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, operativlik, şəffaflıq və aşkarlıq bu xidmətin əsas prinsiplərindəndir: "Xidmət eyni zamanda vətəndaşları bürokratik əngəllərdən qoruyur. Xidmətin məqsədi dövlət məmurları ilə vətəndaşların münasibətlərinin müasir formada tənzimlənməsinə yardım etməkdən ibarətdir. Düşünürük ki, xidmətlərin növləri barəsində ölkə ictimaiyyəti müəyyən qədər məlumatlanmış olsa da bu prosesin davam etdirilməsinə hələ də ehtiyac var. Bu gün KİV-in də bu mərkəzdə olması ölkə ictimaiyyətinin mərkəzin xidmətlərilə daha yaxından tanış olmasına şərait yaradacaq".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, Mərkəzin təklif etdiyi xidmətlər vətəndaşların bir sıra sənədləşmə işlərində onlara yaxından kömək edəcək. Onun sözlərinə görə, vətəndaşlar bu fürsətdən yararlanmalı, onları narahat edən suallarla və məsələlərlə bağlı mərkəzə müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə