Azərbaycanda qadın liderliyi

Abşeron rayon İcra Hakimiyyətinin müavini, idarəetmədə və yerli qərarların qəbulunda iştirak edən lider qadınlardan ibarət 20 nəfərdən çox nümayəndə rayon İcra Hakimiyyətinə toplaşaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində 2012-ci ildən bəri həyata keçirilən "Yerli İdarəetmədə Qadın Liderliyi" adlı layihəsi üzrə "Azərbaycanda qadın liderliyinin artırılması və qərarvermə prosesində iştirakının gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.

SİA-nın məlumatına görə, tədbiri Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Gülməmmədova açaraq "Yerli İdarəetmədə Qadın Liderliyi" adlı layihənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ölkədə gender sahəsində qanunvericilik bazası yaradılıb və onun əsasları 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilib. Dövlətin gender siyasətinin əsas istiqamətləri isə Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci ildə imzalanmış "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" tarixi Fərmanda öz əksini tapıb. Müasir və müstəqil Azərbaycanda qadın hərəkatının strateji inkişaf istiqamətlərini müəyyən edən bu Fərman bütün qurumlarda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasını, ölkədə gedən iqtisadi islahatlar çərçivəsində gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını, qadınların məşğulluğunun təmin edilməsini və qadın hüquqlarının müdafiəsinin gücləndirilməsini təmin edir.

İcra Hakiminin müavini eyni zamanda vurğulayıb ki, Abşeron rayonunda kifayət qədər ictimai-siyasi aktiv qadın potensialı mövcuddur və bu tədbir onların səfərbər olunmasına və gələcəkdə daha səmərəli fəaliyyətinin qurulmasına kömək edəcək.

O vurğulayıb ki, Abşeron rayonunda aparılan quruculuq və abadlıq işləri ilə yanaşı burada yaşayan və fəaliyyət göstərən qadınların hüquq və imkanlarının artırılması, onların qərarvermə proseslərində iştirakinın aktivləşməsi və qadın liderliyinin inkişafının gücləndirilməsi sahəsində ictimai məlumatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə