"İrəli" və Rusiya Gənclər İttifaqı

Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyi beynəlxalq sahədə əməkdaşlığını genişləndirməkdə davam edir.

İctimai Birlikdən SİA-ya verilən məlumata görə, 12 fevral tarixində Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində Rusiyanın ən böyük gənclər təşkilatlarından biri olan Rusiya Gənclər İttifaqı ilə "İrəli" İctimai Birliyi arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İkitərəfli görüşdə "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev, Rusiya Gənclər İttifaqının sədri Pavel Krasnoruçkiy, Stavropol diyarının gənclər Komitəsinin rəhbəri İrina Şatskaya, İctimai Birliyinin nəzarət təftiş komissiyasının sədri Xaqani Fərəcov, Rusiya Gənclər İttifaqının beynəlxalq əlaqələr departamentinin rəhbəri Nikita Smirnov, Rusiya Federasiyası Xarici İşlər nazirliyinin nümayəndəsi Serqey Nyuppa iştirak ediblər.

Mərasimdən əvvəl keçirilən görüşdə tərəflər imzalanacaq əməkdaşlıq müqaviləsinin önəmindən və hər iki ölkənin gəncləri üçün yaradacağı imkanlardan danışıblar. Rauf Mərdiyev qeyd edib ki, hal-hazırda Azərbaycan və Rusiya Federasiyası arasında yüksək səviyyəli münasibətlər hər iki ölkə rəhbərlərinin fəaliyyətinin nəticəsi olduğu kimi, bu münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduqca vacibdir.

"Gənclər sahəsində əməkdaşlığın yeni keyfiyyət mərhələsinə çıxardılmasında gənclər təşkilatlarının rolu böyükdür. Bu gün burada Azərbaycan və Rusiya Federasiyasının ən böyük gənclər təşkilatları arasında əməkdaşlıq müqaviləsinin imzalanması iki ölkənin gənclərinin daha sıx əməkdaşlığına, dolayısıyla iki ölkə arasında əlaqələrin daha da güclənməsinə gətirəcəkdir", - deyə Rauf Mərdiyev qeyd edib.

RSM sədri Pavel Krasnoruçkiy də bu əməkdaşlıqdan məmnun olacaqlarını vurğulayıb: "Bizim qarşımızda duran əsas məqsəd vahid informasiya mühiti yaratmaq, tərəfdaş olmaq, mütəmadi olaraq ideya mübadiləsi etmək və ortaq layihələr həyata keçirməkdir".

Görüşdən sonra "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev və Rusiya Gənclər İttifaqının sədri Pavel Krasnoruçkiy iki təşkilat arasında əməkdaşlıq müqaviləsinə imza atıblar. Müqaviləyə əsasən hər iki gənclər təşkilatı gənclərlə bağlı müxtəlif istiqamətlərdə ortaq layihələr həyata keçirəcək, təcrübə mübadiləsində iştirak edəcəklər.

Qeyd edək ki, mərasim mətbuat üçün brifinqlə yekunlaşıb.

Qeyd edək ki, Rusiya Gənclər İttifaqı 1990-cı ildə yaradılmış və hal-hazırda sıralarında 2 milyon gənci birləşdirir. Rusiya Federasiyasının ən fəal gənclər təşkilatlarından biri olmaqla RSM ölkənin 73 subyektində təmsil olunur. Hazırda təşkilatın davam edən 20 ümumrusiya, 200 regional layihəsi mövcuddur. RSM-in fəaliyyətində il ərzində orta hesabla 1 milyon gənc iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə