ESRUK-un növbəti iclası Malayziyada keçirilib

ESRUK-un növbəti iclası Malayziyada keçirilib

Avrasiya İpək yolu Universitetləri Konsorsiumunun növbəti iclası Malayziyada keçirilib

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Avrasiya İpək yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının növbəti yığıncağı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Pakistan, İtaliya, Monqolustan, Qırğızıstan, Gürcüstan, Hindistan, Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət İcraedici Şura üzvləri ilə yanaşı həmin ölkələrin alimləri, təhsil işçiləri və hökumət nümayəndələri iştirak ediblər.

2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət etməkdir. 29 ölkədən 200 universitetin qatildığı Konsorsiumunun İcraedici Şurasına 9 nəfər - Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtalyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Hindistanın Kalinqa Sənaye Texnologiyası İnstitutu, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Universitetinin rəhbərləri, ölkəmizdən isə Azərbaycan Turizm İnsitutunun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov daxildir.

Səfər proqramı İcraedici Şuranın iclası və Putra Universitetində görüşlərdən ibarət idi. İcraedici İcraedici Şuranın iclasında üzv ali təhsil müəssisələri arasında elmi şəbəkənin daha da inkişaf etdirilməsi, İpək Yolu təhsili və Elm Karvanına dair yeni ideyalar, Elm və Texnologiya üzrə tematik forum və İpək Yolu mədəniyyətləri mövzularında geniş müzakirələr aparılmış, eyni zamanda Asiya dövlətlərindən konsorsiuma daha çox üzvün cəlb olunması məsələsinə toxunulmuşdur.

İcraedici Şuranın üzvləri və iştirakçılar ikinci gün Putra Universitetində təşkil edilmiş sessiyaya qatılıblar. Sessiyanı universitetin rektoru professor Datuk Mohd Fauzi Ramlan açıq elan etdikdən və iştirakçıları salmaladıqdan sonra, konsorsiumun cari və gələcək fəaliyyətini əks etdirən təqdimata baxış keçirilib, müzakirələr aparılıb.

Tədbirin son günündə iştirakçılar Putra Universitetinin fəaliyyəti ilə yaxından tanış olub, struktur və bölmələrdə ikitərəfli görüşlər keçirilib. ATİ rektoru Cəfər Cəfərovun universitetin bir neçə fakültə və struktur rəhbərləri ilə görüşü zamanı tədqiqat və təhsil sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb.

Qeyd edək ki, Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun növbəti toplantısının Monqolustanda, yaxud Hindistanda keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə