Milli QHT Forumu “Daş yuxular”ı müzakirə etdi

Milli QHT Forumu “Daş yuxular”ı müzakirə etdi

Azərbaycan Milli QHT Forumunun ofisində Əkrəm Əylislinin "Daş yuxular" romanı "Drujba narodov" jurnalında çap ediləndən və ölkə ictimaiyyətinin haqlı hiddət və etirazından sonra yaranmış ictimai siyasi vəziyyətin müzakirəsi keçirilib. Müzakirədə MQF-nin İdarə Heyətinin üzvləri və QHT nümayəndələri iştirak edib. Qurumdan SİA-ya verilən məlumata görə, MQF İdarə Heyətinin sədr müavini İradə Rızazadə çıxış edərək mövzu ilə bağlı öz fikrini bildirərək qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığı bir məqamda "Daş yuxular" romanında xalqımıza qarşı təhqir və böhtanların yer alması ictimaiyyətin böyük hiddətinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın bu əsərə olan mənfi münasibətindən irəli gələrək Əkrəm Əylislinin "Xalq yazıçısı" və prezidentin fərdi təqaüdündən məhrum etməsi barədə sərəncam imzalayıb. Bu addım da xalqımız tərəfindən yüksək qiymətləndirilib.
Daha sonra MQF İH-nin üzvləri Dilarə Vəliyeva, Gülnarə Hüseynova, Füzuli Rzaquliyev, Əkbər Qoşalı, Çingiz Bayramov, o cümlədən QHT nümayəndələri Cəlil Xəlilov, Əli Xəlilli, Afaq Hüseynova, Nərgiz Xələf, Günel İbrahim, Sevda Tahirli və digərləri çıxış edərək "Daş yuxular"romanında Azərbaycan xalqına qarşı yazılan təhqir və böhtanlara, tarixi ədalətsizliyə, həmçinin insan hüquq və azadlıqlarına, qaçqın və məcburi köçkünlərin hüquqlarına, tarixi həqiqətlərin təhrif olunmasına, beynəlxalq mühitdə Azərbaycanın imicinə zərbə vurulmasına öz etirazlarını bildiriblər.
Tədbir iştirakçıları bu kimi yazıların hardan qaynaqlandığının araşdırılmasını,"Drujba narodov" jurnalında operativ çap olunmasının Azərbaycana düşmən olan qüvvələr tərəfindən təqdir olunmasını diqqətə çəkərək Azərbaycana qarşı təxribat kimi qiymətləndiriblər. "Daş yuxular" və onun yaratdığı vəziyyət ictimaiyyəti düşündürməli və qeyri-hökumət təşkilatları, media daim bu məsələləri diqqətdə saxlamalıdır.
Daha sonra gənclərlə, tələbələrlə geniş ictimaiyyətlə tarixi tolerantlıq, Azərbaycanın milli-mənəvi dəyərləri və mövcud vəziyyətlə əlaqədar olaraq mütəmadi görüşlərin keçirilməsi tövsiyyə olunub və bu görüşlər vasitəsilə Azərbaycan həqiqətlərinin, o cümlədən "Daş yuxular"da qərəzli təqdim olunan gerçək tariximizin olduğu kimi ictimaiyyətə çatdırılması məqsədəmüvafiq hesab edilib.

Tədbir iştirakçıları onu da vurğulayıb ki, ölkədə stabilliyin pozulmasına yönələn heç bir hala yol vermək olmaz. Biz bütün hallarda ölkəmizin inkişafının əsasını təşkil edən sabitliyin qorunub saxlanmasına çalışmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə