“Azərbaycan həqiqətləri” toplusunun təqdimatı olub YENİLƏNİB

“Azərbaycan həqiqətləri” toplusunun təqdimatı olub YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət toplunun təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış toplu Azərbaycan və ingilis dillərindədir.

Birliyin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, topluya erməni terror təşkilatlarının Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımı aktlarından bəhs edən "Soyqırımı: Bakı", "Soyqırımı: Quba", "Soyqırımı: Şamaxı", "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" filmləri daxildir. Filmlərdən ibarət topluda XX əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar lentə alınıb. Millət vəkili qeyd edib ki, həmçinin topluda Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Şuşa və Ağdam şəhərlərində törətdikləri vandalizm aktlarını özündə əks etdirən "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" və "Ağdam; Qafqazın Xirosiması" filmləri də yer alıb: "Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkənin bir sıra şəhərlərində 20 əsrin müxtəlif vaxtlarında baş verən soyqırımlar barəsində ictimaiyyəti məlumatlandırmaqdır. İki dildə hazırlanan topluların hər biri 1000 nüsxə çap olunub və həqiqətlərin dünyaya çatdırılması məqsədilə Azərbaycan dilində çap olunan toplu bu gündən ehtibarən ölkənin xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda , Dağıstanda soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə göndərilir. "Xocalı soyqırımı" filmi isə Türkiyənin 10 şəhərinin 14 nüfuzlu universitetində yayımlanacaq. Fevral ayının 15-dən mart ayının 3-nə qədər isə bir neçə ölkənin 15 şəhərində nümayiş olunacaq".

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə deyib ki, Azərbaycan həqiqətləri bu gün sürətlə yayılır: "Azərbaycanda bununla bilavasitə məşğul olana şəxslər və təşkilatlar mövcuddur. Lakin sevindirici haldır ki, bu həqiqətlərin dünyaya çatdırılmasında artıq Azərbaycana rəğbət bəsləyən xarici vətəndaşlar da var"

Tədbirdə qeyd olunub ki, Azərbaycan həqiqətlərinin bundan sonra da dünya ictimaiyyətinə çatdırılması üçün bu kimi layihəklərin reallaşdırılmasına ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə