Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Bəs qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir?
SİA-nın məlumatına görə, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" (AHİM) İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov bildirib ki, məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır: "Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nigah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nigah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın".
Vəkilin sözlərinə görə, nigaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nigah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir: " Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar - geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir".
AHİM sədri qeyd edib ki, bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir.
Bağırovun sözlərinə görə, Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nigah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulub: "Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və ya həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər".
Vəkilin sözlərinə görə, tərəflər arasındakı nigah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir.
"Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nigah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qiymətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilib. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir", -deyə o əlavə edib.
Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, Bağırov bildirib ki, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər: "Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulub. Kompenssasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya - istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur".
Onun sözlərinə görə, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır: "Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyyət vardır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB