"Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabı və "Ruhum Qarabağlıdır" layihəsinin təqdimatı olacaq

Millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabında Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb. SİA-nın məlumatına görə, kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahılar verilib. Kitabın baş məsləhətçi Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov və millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı, redaktoru isə Əkbər Qoşalıdır.

"Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabının Azərbaycan dilində olan versiyası Dağlıq Qarabağın Azərbaycanlı İcmasında soyqırımın ildönümü ərəfəsində fevralın 13-də ictimaiyyətə təqdim olunacaq. Bundan sonra xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları arasında geniş yayılmaq üçün xarici ölkələrə göndəriləcək. Eyni zamanda Gürcüstanda, Cənubu Azərbaycanda(İran), Dağıstanda(Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək. Yaxın zamanlarda isə kitabın ingilis dili versiyası işıq üzü görəcək.

Həmin gün eyni zamanda "Ruhum Qarabağlıdır" layihəsinin də təqdimatı olacaq. Millət vəkili Q.Paşayevanın "Ruhum Qarabağlıdır " şeirlər silsiləsi əsasında Xocavənd rayon ictimaiyyəti tərəfindən hazırlanmış sənədli filmin diskləri 1000 nüsxə ilə çap olunub, Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubu Azərbaycanda(İran), Dağıstanda(Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək.

Qeyd edək ki, sənədli filmin ideya müəllifi və baş məsləhətçisi Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, filmin ssenari müəllifi tanınmış jurnalist-publisist Bəxtiyar Qaracadır.

Filmdə peşəkar aktyorların, sənətkarların xidmətindən istifadə olunmayıb. Filmin orijinallığı, nəzərə çarpan simaların qaçqın-köçkün həyatının ağrı-acılarını yaşayan xocavəndlilərin olmasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə