Mübariz Əhmədoğlu: "Ermənilərin əldə etdiyi yeni növ silah bizim Qarabağ torpaqlarını işğaldan azad etməyimizə mane olur"
Saqqallı-əbalı silah

İran-Azərbaycan münasibətlərində İranın təhlükəli gücünün maksimallığı arxada qaldı. Lakin bu İranın Azərbaycana qarşı müxtəlif qara niyyətli planlardan əl çəkməsi anlamına gəlmir. İran gücü azalsa da Azərbaycana qarşı yeni-yeni hiylələr, neqativliklər düşünməkdədir. İran-Azərbaycan sərhədində baş verənlərlə bağlı yayılan məlumatların hətta səthi tədqiqi də göstərir ki, İran sərhədyanı gərginlik törətməkdə maraqlıdır. Astara və Biləsuvar gömrük məntəqələrində ölkəmizə qayıdan vətəndaşlardan sorğular keçirməklə, müsahibələr götürməklə anti-Azərbaycan təbliğatın yeni formasını yaradır. İran həmişə real işdən çox təbliğata üstünlük verib. Azərbaycana etdiyi 200 dollarlıq yardımın üzərində 200 min dollarlıq təbliğat siyasəti qurub. Buna görə Azərbaycan tərəfi İrandan humanitar yardımın alınmasını tamamilə dayandırıb. Əksinə bacardığı qədər İrana humanitar yardım edib və bundan sonra da edəcəkdir.

Hər halda Azərbaycan İrana göndərdiyi yardım üzərində təbliğat qurmur. "Sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır" hədisi Həzrəti Əlidən gəlmə deyimdir. İranda dinimiz tamamilə eybəcərləşdirildiyinə görə, belə məsələlər yada düşmür. İranın Azərbaycana qarşı təbliğatında istifadə etdiyi tezislərdən biri də "Gücləri varsa Qarabağı alsınlar" deyimidir. Son vaxtlar bu deyim, bu fikir tez-tez təkrarlanır və təkrarlayanların içərisində deputatların, din xadimlərinin sayı daha çoxdur. İran kimi hamiləri Ermənistana dəstək verməsələr, biz Qarabağı azad edə bilərik. Dağlıq Qarabağ münaqişəsi Qərbin SSRİ-ni dağıtmaq niyyəti ilə ortalığa atdığı münaqişədir. Sonradan bu münaqişənin davamı Rusiyanın maraqlarında oldu. Azərbaycan əlavə torpaqlar itirdi. İndi Dağlıq Qarabağın işğalda qalmasında ən böyük rol İrana məxsusdur. İran Dağlıq Qarabağ münaqişəsinin yeganə qonşusudur. İran müsəlman dövlətidirsə, Qarabağı müsəlman torpağı hesab edirsə, bu qonşuluq müsəlman torpaqlarının azad olunmasında İrana müstəsna imkanlar yaradır. İran bunu etmir. İranlı və ya azərbaycanlı olmasından asılı olmayaraq istənilən ekspertə, siyasətçiyə və dövlət adamına İranın XİN-i ilə ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ məsələsində rəsmi mövqelərini yanaşı qoyub öyrənmələrini təklif edirik. Bəlli olacaq ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İranın rəsmi mövqeyi ABŞ-ın rəsmi mövqeyindən daha çox ermənipərəstdir. Cari fəaliyyəti də belədir.

ABŞ Ermənistanda 235 milyon dollarlıq "Minilliyin çağırışı" proqramını dayandırdığı dövrdə, İran 330 milyon dollarlıq Mehri SES layihəsini reallaşdırdı. Həqiqətə və dinə iranvari baxışı olan İran rəsmiləri ermənipərəstlikdə ABŞ-ı şərləyə bilərlər. Həqiqəti danmaq, yalan danışmaq İranda cənnətin qapısı hesab edilməklə yanaşı, həm də qürur və pul mənbəyidir.

Azərbaycanın apardığı siyasət Rusiyanı ermənipərəstlikdən uzaqlaşdırıb. Heç ABŞ da əvvəlki tək ermənilərə dəstək vermir. Fransa şirkətinin Ermənistanda başına açılan oyun Ermənistan rəhbərliyinin Fransanın Dağlıq Qarabağ məsələsindəki Azərbaycanın xeyrinə dəyişilən mövqeyinə cavab reaksiyası idi. Hər üç dövlət, o cümlədən Avropa İttifaqı Ermənistana pul vermədilər. Amma İran pul verməklə yanaşı, həm də siyasi dəstək nümayiş etdirir.

Ümumiləşdirsək deyə bilərik ki, Azərbaycanın apardığı siyasət ənənəvi ermənipərəst hesab olunan dövlətlərin ermənipərəstliyini neytrallaşdırıb. Yeganə ermənipərəst dövlət kimi İran qalıb. Ermənistan İranla əlaqələrin hesabına elə silaha malik olub ki, bu saqqallı-əbalı silahı neytrallaşdırmağın yollarını hələ müəyyənləşdirə bilməmişik. Bu çalmalı, saqqallı silahın üsulunu tapan kimi torpaqlarımızı erməni işğalından azad edə biləcəyik. Bununla da İranı bu arqumentdən də məhrum edəcəyik. Hər-halda vaxta o qədər çox qalmayıb.

Kosmik peykimizin orbitə çıxması, kosmik mərkəzimizin fəaliyyətə başlaması həm də imkan verəcək ki, İranın Dağlıq Qarabağ ilə olan əlaqələrini, Dağlıq Qarabağdakı İranın texnikasının mövcudluğunu daha dəqiq şəkildə ortalığa qoyaq.

Bütün xəbərlər Facebook səhifəmizdə