Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə "Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" konfransında və Türk Dünyasının böyük şairi-aydını A.Karakoçun xatirəsi ilə bağlı tədbirlər silsiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan TBMM-nin üzvləri, millət vəkilləri Feramüz Üstün, Selcuq Özdağ, Muzaffer Arslan, A.Karakoçun ailə üzvləri, Türkiyənin alimləri, görkəmli yazarları və sənətçiləri Fəxri Xiyabanda olub və ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarlarını ziyarət edib və ruhuna dualar oxuyublar. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat veriblər.
Sonra Türkiyəli qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva qonaqlara 20-ci əsrin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlar, qətliamlar, Qafqaz İslam Ordusunun Bakının erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumat veriblər və Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB