Monitorinqin nəticələri açıqlanıb

Monitorinqin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-150, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, fevralın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 125 m3/s və ongünlük normanın 73 faizini təşkil edib.

Fevralın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 62 m3/s təşkil edib və ongünlük normanın 88 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7 sm, Şirvanda 6 sm, Salyanda 25 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Bankədə isə 3 sm azalma qeydə alınıb. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 464 sm (2012-ci il fevralın 11-də 629 sm), Şirvanda 353 sm (2012-ci il fevralın 11-də 514 sm ), Salyanda 315 sm (2012-ci il fevralın 11-də 474 sm), Bankədə 259 sm (2012-ci il fevralın 11-də 341 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2012-ci il fevralın 11-də 326 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə