“Azərbaycan həqiqətləri”nin təqdimatı olacaq

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət topluya 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar "Soyqırım: Bakı", "Soyqırım: Quba", "Soyqırım: Şamaxı" adlı 3 film şəklində 3 diskdə topluda öz əksini tapır. SİA-nın verdiyi məlumata görə, topluda Ermənistanın 20-ci əsrin sonlarında Azərbaycan torpaqlarını işğal edən zamanı dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" adlı 3 film şəklində öz əksini tapır.

Bundan başqa topluda Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" və " Ağdam; Qafqazın xirosiması" filmləri də öz əksini tapır. Azərbaycan və ingilis dillərində hazırlanan "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət topluların hər biri 1000 nüsxə çap olunub və Azərbaycan dilində olan filmlərin toplusu Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda (İran), Dağıstanda (Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək. İngilis dilində olan filmlərdən ibarət "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu (1000 nüsxə) isə Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə yayılması məqsədilə beynəlxalq təşkilatlara, xarici universitet, kitabxana, KİV qurumları, QHT-lərə, beynəlxalq qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diaspor təşkilatlarına, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizə təqdim ediləcək. "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət topluda öz əksini tapan filmlərin əksəriyyəti Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən hazırlanıb. Bununla yanaşı topluda digər qurumlar tərəfindən hazırlanmış 3 film də öz əksini tapıb. Layihənin məqsədi Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə yayılması işinə dəstək göstərməkdir. Layihənin rəhbəri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovdur. Toplunun bir sıra ölkələrdə də təqdimatı olacaq.

Fevralın 12-i saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində hər iki toplunun təqdimat mərasimi keçiriləcək. Kütləvi İnformasiya Vasitələri dəvətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə