Qazaxıstanda www.xocali.kz saytı yaradılıb

Qazaxıstanda www.xocali.kz saytı yaradılıb

Ermənistan dövləti və erməni diasporunun bütün dünyada xalqımıza qarşı törətdiyi qanlı cinayətləri, xüsusi ilə də Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım faktını hər vasitəsi ilə təkzib etdirmək, ölkəmizə qarşı çirkin, məkirli siyasət aparmaqdadırlar.

Bu kimi hallara cavab olaraq və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məqsədi ilə İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kompaniyasına dəstək olaraq, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Qazaxıstan Respublikasının informasiya məkanında 2013-cü ilin fevral ayında www.xocali.kz saytını yaradıb.
Əsasən rusdilli oxucular üçün nəzərdə tutulmuş sayt "Xocalı soyqırımı, Xocalıya ədalət" adı ilə yaradılıb və Qarabağ, Xocalı, fotoarxiv, videoarxiv və müraciətlər bölmələrindən ibarətdir.

SİA-nın məlumatına görə, Qarabağ bölməsində "Qarabağın tarixi", "Ermənilərin Qarabağa köçürülməsi", "Erməni təcavüzü", "Dünya ictimaiyyəti" və "Ermənilər özləri haqqında" materiallar yerləşdirilib.

Xocalı bölməsində isə "Xocalının alınmasına səbəb olan amillər", "Şahidlərin gördükləri", "Azad dəhliz", "366-cı motoatıcı alayının rolu" və "Xocalıda soyqırımı qurbanları" adlı materiallar yer alıb.

Fotoarxiv və videoarxiv bölmələrində müvafiq olaraq Xocalı faciəsi ilə bağlı foto və videomateriallar yerləşdirilib.

Saytda həmçinin www.justiceforkhojaly.org saytı vasitəsi ilə "Xocalıya ədalət" kompaniyası çərçivəsində Beynəlxalq təşkilatların rəhbərlərinə ünvanlanmış petisiya və Ağ evin rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınması məqsədilə azərbaycanlılar tərəfindən hazırlanmış müraciət yerləşdirilib. Sayt oxucuları bu müraciətlərə birbaşa daxil olaraq, asanlıqla göndərilməsinə müvafiq texniki şərait yaradılıb.
Xocalı.kz saytında Heydər Əliyev fondunun www.azerbaijan.az., www.xocali.org və www.justiceforkhojaly.org saytlarından materiallar istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə