“100 000” səsdən biri sənin olsun!

“100 000” səsdən biri sənin olsun!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Dağlıq Qarabağ problemi və Xocalı soyqrımı ilə bağlı səs vermə virtual aləmdən, ictimai yerlərə çıxarılıb. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan "100 000" səsdən biri sənin olsun!" kampaniyası ilə ABŞ parlamentinin rəsmi saytında Dağlıq Qarabağ problemi və Xocalı soyqrımının ABŞ parlamentində müzakirəyə çıxarılması üçün yaradılmış petisiyalara (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt , https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx ) səs toplanması üçün yeni mərhələyə keçilib. İlk dəfə olaraq petisiyaya səs toplamaq üçün təbliğat virtual aləmdən, xüsusən də gənclərin çox toplaşdığı ictimai yerlərə keçirilib.

Kampaniyada Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvləri "Saf Həyat Naminə" İctimai Birliyi, "Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirməsi" İctimai Birliyi, eləcə də "İşıq" gənclər təşəbbüs qrupu və Azərbaycan Gənclik Mədəniyyət, İncəsənət və Elm Evini təmsil edən 30 könüllü iştirak edib.

"Park Bulvar" və "Metropark" kimi böyük ticarət mərkəzlərində insanların çox olduğu xüsusi məntəqələrdə səsvermə üçün internetə çıxışı olan notebook, netbook və planşetlər quraşdırılıb. Məntəqələrin qarşısından keçən insanlara petisiya haqqında məlumat verilib. Daha sonra səsverməyə qoşulmaq və öz səsini vermək istəyənlərə planşet, notebook, netbook-lar vasitəsilə səsvermə imkanı yaradılıb.

Kampaniya gənclərin böyük marağına səbəb olub və 2 gün ərzində 7000-dən çox gənc kampaniyaya qoşulub. Kampaniyaya gənclərlə yanaşı bir çox dövlət rəsmiləri, müxtəlif biznes qurumları təmsil edən şəxslər və idman ictimaiyyətinin tanınmış simaları qoşulub. Kampaniya çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və Olimpiya çempionu Elnur Məmmədli də səs verərək gənclərin təşəbbüsünə dəstək olublar.

Kampaniya 26 fevral 2013-cü il tarixinədək davam edəcək və hər şəmbə və bazar günləri ictimai yerlərdə səsvermə həyata keçiriləcək. Kampaniyaya qoşulmaq üçün 012 491 1192 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Qeyd edək ki, 26 fevral 2013-cü il tarixinədək petisiyaya 100 000 nəfər səs verdiyi təqdirdə Xocalı soyqrımı ABŞ parlamentində müzakirəyə çıxarılacaqdır. Hal-hazırda Xocalı soyqrımı ilə bağlı petisiyaya 75 mindən çox, Dağlıq Qarabağ problemi ilə bağlı petisiyaya isə 50 minə yaxın insan səs vermişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə