Xaçmazda “Qış Parlamenti” başlayır

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Xaçmaz rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "VI Liderlik Məktəbi – Qış Parlamenti" başlayır. Bu barədə SİA-ya ATGTİ-dan məlumat verilib. Verilən məlumata görə, "Qış Parlamenti"nin üzvləri, gənc parlamentarilər layihənin keçirildiyi məkan "Atlant" istirahət və əyləncə mərkəzinə yollanıb. Bu gün gənc parlamentarilər üzv olduqları komitələr tərkibində ilk iclaslarını keçirəcək, ümumi fəaliyyət istiqamətlərini müəyyən edəcəklər. Fevralın 12-də Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin və Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə keçiriləcək "Qış Parlamenti"nin rəsmi açılış mərasimində layihə haqda geniş məlumat veriləcək, eyni zamanda parlamentin 6 komitəsi təqdim olunacaq. Növbəti bir həftə ərzində 6 müxtəlif komitələr daxilində fəaliyyət göstərəcək gənc parlamentarilər öz komitələrinin baza prinsiplərinə uyğun qanun layihələri yazaraq, onları təqdim edəcəklər. Bu istiqamətdə gənc parlamentarilər komitələrarası debatlar aparacaq, bu və ya digər qanun layihəsinin qəbulu üçün səsvermələr keçirləcəklər.

"Qış Parlamenti" ərzində gənc parlamentarilərdən əldə olunmuş yeni ideyalar, təklif və yeni qanun layihələrinin daha sonra ATGTİ xətti ilə Milli Məclisin bu və ya digər komitəsinə təqdim olunması nəzərdə tutulub.

Xatırladırıq ki, parlamentin qalib komitəsi "Nil" mağazaları şəbəkəsi tərəfindən hədiyyələr qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə