Şəhid anaları Əkrəm Əylisliyə qarşı üsyan etdi

Bu gün prezident İlham Əliyevin Əkrəm Əylisliyə verilmiş xalq yazıçısı və fərdi təqaüdünün geri alınmasına dəstək məqsədi ilə Respublika Milli Qəhramanlar Birliyinin təşkilatçılığı ilə milli qəhramanlar və şəhid ailələrinin üzvlərinin iştirakı ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən birliyin idarə heyətinin sədri Mirbəşir Seyidzadə bildirib ki, Ə.Əylislini daha öncə tanımaq lazım idi: " Bu şəxsin keçmişdə də yazdığı əsərlər də mahiyyət baxımından "Daş yuxular"a yaxın idi. Onun məqsədi Azərbaycan xalqını təhqir etmək, aşağılamaq, beynəlxalq aləmdə xalqını qəddar və vəhşi kimi tanıtmaq olub. Üçüncü dövlətin təhriki ilə yazılmış əsərdən bundan başqa heç bir şey gözləmək olmazdı. Hesab edirəm ki, Ə.Əylisli bu əsəri yazarkən bir növ Orxan Pamuk yolunu getmək istəyib. Ancaq 76 yaşlı yazıçıya belə bir mükafatın verilməsi absurddur. Artıq Azərbaycan xalqı onu öz vətəndaşı hesab etmir. O, Azərbaycan vətəndaşlığına layiq insan deyil. Azərbaycan dövləti tərəfindən küllü miqdarda imtiyazlar alan "yazıçı" Əkrəm Əylisli bir neçə gün öncə prezident İlham Əliyev tərəfindən çox haqlı olaraq verilmiş xalq yazıçısı adından məhrum edildi. Belə bir insanın "Daş yuxular" romanı xalq tərəfindən böyük hiddətlə qarşılanıb. Ona verilmiş titulları əlindən aldığına görə cənab İlham Əliyevə öz təşəkkürümüzü bildiririk".

Daha sonra çıxış edən milli qəhramanlar və şəhid ailələrinin üzvləri bildirdilər ki, Ə.Əylisliyə verilmiş fəxri adların və təqaüdün alınması yetərli deyil. Onu ömürlük həbs etmək və xalq düşməni, milli xəyanətkar elan etmək lazımdır. Onu şəhid analarının gözləri qarşısında dar ağacından asmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə