İkinci qrant müsabiqəsi elan olundu

İkinci qrant müsabiqəsi elan olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ikinci qrant müsabiqəsini elan edib. İlk müsabiqədə olduğu kimi, bu müsabiqədə də eynilə 5 kateqoriya müəyyən edilib. Yeni müsabiqədə kateqoriyaların istiqamətlərinə dəyişikliklər olunub.

Qurumdan SİA-ya verilən məlumata görə, yerli layihələr üçün təklif olunan yeni istiqamətlər region gənclərinin aktiv sosial inteqrasiyası, sağlam həyat tərzi, gənclik və idman, yeni media vasitələrilə gənclərin sosial ideya təşəbbüslərinə yardım edəcək mühitin yaradılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin ictimai sosial həyata inteqrasiyası, bələdiyyələr və gənclər əməkdaşlığı, ekoloji maarifləndirmə, beynəlxalq layihələr üçün təklif olunan yeni istiqamətlər xaricdə təhsil alan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsidir.

Azərbaycan Gənclər Təşkilatlarının Beynəlxalq Gənclər Platformaları ilə birgə layihələri - Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər və xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər; Yaradıcı gənclər üçün təklif olunan yeni istiqamətlər, kreativ gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri; İstedadlı gənclərin ixtiraçılıq və innovativ təklif və ideyalarının reallaşdırılması layihələri; Gənclər və elmi texniki tərəqqi sahəsində layihələr; Animasiya və filmlərlə bağlı layihələr; İntellektual gənclərin təşəbbüslərinə dəstək layihələri.

Gənclərin xaricdə keçirilən tədbirlərdə iştirakı üçün təklif olunan yeni istiqamətlər gənc alimlərin, ictimai-fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi sahəsində layihələr və xaricdə olan əcnəbi gənclərin Azərbaycanda həyata keçirilən gənclər tədbirlərində iştirak səfərinin qismən maliyyələşdirilməsi nəzərdə tutulub. Əcnəbi gənclərin Azərbaycana dair tədqiqatı üçün təklif olunan yeni istiqamətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi olacaq.

Qeyd edək ki, layihələrin son qəbul tarixi 15 fevral 2013-cü il tarixidir. Bütün gəncləri və gənclər təşkilatlarını müsabiqədə fəal iştirak etməyə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə