"Azercell"ə 15 milyon manatlıq cəza

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elan edir ki, fevralın 6-da "Bakcell" MMC "Azercell Telekom" MMC-yə qarşı qaldırdığı arabağlantı tarifi üzrə məhkəmədə qalib gəlib.

26 iyul 2011-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qətnaməsi ilə iddiaçı "Bakcell" MMC-nin cavabdeh "Azercell Telekom" MMC-yə qarşı 1 avqust 2006-cı il tarixli Arabağlantı Müqaviləsinə Əlavə Razılaşmanın 3 aprel 2009-cu il tarixindən bağlanılmış hesab olunması və 15 milyon manatdan artıq həcmdə zərərin ödənilməsi barədə iddia ərizəsi təmin edilib.

"Biz məhkəmənin qərarından və haqq-ədalətin öz yerini tapmasından məmnunuq. Azercell öz dominant mövqeyindən istifadə edərək digər operatorları xoşagəlməz vəziyyətdə qoymuşdu. Məhkəmə bu cür mövqeyinə görə "Azercell"i cəzalandırdı. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu məhkəmə mübahisəsinin nəticəsində istehlakçılar, yəni mobil rabitənin sadə istifadəçiləri qalib gəldi. Bakcell öz abunəçilərinə daha da əlverişli qiymətlərlə yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək", deyə Bakcell-in Baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsi ilə cavabdeh "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qəbul etdiyi 26 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2013-cü il tarixli qərarı ilə cavabdeh "Azercell Telekom" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyib.

Beləliklə, "Bakcell" MMC-nin müvafiq iddiası üzrə 2 il ərzində cavabdeh "Azercell Telekom" MMC-nin məhkəmə şikayətlərində göstərdiyi dəlillər qəbul olunmayıb və iddiaçı "Bakcell" MMC-nin arabağlantı tarifi ilə bağlı bütün tələbləri Azərbaycan Respublikasının hər bir instansiya məhkəməsi tərəfindən təmin edilib.

Məhkəmə işi haqqında arayış:

Mobil operatorlar şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə bir-birinə haqq ödəyir və bu "arabağlantı tarifi" adlanır. 2009-cu ilin aprel ayında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib. Bununla əlaqədar "Bakcell" MMC "Azercell Telekom" MMC-yə arabağlantı tarifinin azaldılması təklifi ilə müraciət edib, lakin qarşı tərəf mövcud tarifin (1 dəq. = 0,05 AZN) qaneedici olduğunu bildirib.

Arabağlantı tarifinin RİTN tərəfindən müəyyən edilmiş səviyyədən yüksək olması "Bakcell" MMC şirkətinin öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil rabitə bazarına mənfi təsir göstərir.

RİTN tərəfindən 2009-cu ilin aprel ayında qəbul edilmiş müvafiq normativ aktdan sonra "Bakcell" MMC şirkəti arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy göstərib. Yeni arabağlantı tarifi istifadəçilər üçün pərakəndə tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin "Azercell Telekom" MMC bu məsələ üzrə əməkdaşlıq etməyə razı olmayıb və RİTN tərəfindən qəbul olunmuş sənədin tələbini yerinə yetirməkdən boyun qaçırıb. Beləliklə, "Azercell Telekom" MMC son vaxtlara qədər çox yüksək pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda - pərakəndə tarifin endirilməsi istiqamətində bazarda Bakcell-in təşəbbüsü ilə artan təzyiqlər nəticəsində müştərilər üçün qiymətləri endirmək məcburiyyətində qalıb.

"Azercell Telekom" MMC-nin son 3 il ərzində RTİN-in müvafiq normativ aktını yerinə yetirməkdən imtina etməsi və bunun nəticəsində müştərilərə olduqca yüksək qiymətlərin tətbiq olunması ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərinin azaldılmasına nail olmaq üçün "Bakcell" MMC məhkəmə prosedurlarına müraciət etməyə məcbur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə