Mahmud Kərimovla vida mərasimi AMEA-da keçiriləcək

Mahmud Kərimovla vida mərasimi AMEA-da keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov dünyasını dəyişib. AMEA-dan aldığımız məlumata görə, M. Kərimov dünən gecə saatlarında dünyasını dəyişib. O, akademikin bir müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyini də bildirilib. Dünən günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib.

Akademik Mahmud Kərimovla vida mərasimi fevralın 11-i saat 15.00-dan başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında keçiriləcək. Akademiyanın prezidenti Mahmud Kərimovun Fəxri Xiyabanda dəfn olunması gözlənilir.

Qeyd edək ki, M. Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə