“Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış"

Bu gün Azərbaycanda Atatürk Mərkəzində "Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans keçirilib. Konfans "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilib. Konfransda Azərbaycanın və Türkiyənin millət vəkilləri, elm və ədəbiyyat xadimləri, A. Karakoç ailəsinin üzvləri, Türkiyənin tanınmış yazarları, şairləri və sənətçiləri iştirak edib

Konfransa açılış nitqi ilə millət vəkili Qənirə Paşayeva başlayıb: "Bütün konfrans iştirakçılarını, xüsusən, Türkiyədən gəlmiş qonaqlarımızı salamlayıram. Əslində, onlar burda qonaq sayılmırlar. Çünki Azərbaycan onların da vətəni sayılır. Ümummili liderimiz Heydər Əliyev də buyurub ki, biz bir millət, iki dövlətik". Sonra çıxışına davam edərək, konfrans barədə bunları söyləyib: "Hər kəs bilir ki, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə dünəndən başlayaraq 3 gün ərzində Türk dünyasının böyük şairi və aydını mərhum şair Abdurrahim Karakoçun adı ilə bağlı tədbirlər silsiləsi keçirilməyə başlamışdır. Bu silsilədə böyük şairi anmaqla yanaşı, gələcəklə bağlı "Ortaq keçmişimiz və ortaq gələcəyimiz" mövzusu ətrafında müzakirə aparılacaq. Bununla məqsədimiz odur ki, gənc nəsillər birlik və bərabərlik içərisində bir-birinə daha möhkəm dayaq duraraq, coğrafiyalar içi deyil, coğrafiyalar üstü insanlarımızı düşünərək daha gözəl bir gələcək qursunlar. Təbii ki, Abdurrahim Karakoç kimi böyük aydınların da xitabı, çağırışı, düşüncəsi gəncliyimizə də bundan ibarət idi. Türk bacı və qardaşlarımızla bizi birləşdirən çox ortaq dəyərlərimiz var. Bu dəyərlərdən biri də ortaq acılarımızdır. Bu acıların da aradan götürülməsi üçün biz bir olmalıyıq, hamımız bir-birimizi bu birliyə çağırmalıyıq".

Sonra söz millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərova verilib. Millət vəkili qonaqları salamlayaraq ərsəyə gələn mövzu haqqında öz fikirlərini

bölüşüb. O, əvvəlcə qonaqlara Atatürk Mərkəzinin yaranması barədə məlumat verib. Qeyd edib ki, mərkəz Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və məqsəd Türkiyə və Azərbaycan mədəniyyətləri arasında əlaqələr qurmaq, mərkəzdə bu cür mühüm konfransların keçirilməsi üçün şərait yaratmaqdır: "Dünyanın bütün xalqları birləşirlər, xüsusilə də qohum xalqlar. Türk dünyasının da birliyi bir zərurətdir. Bu, yalnız keçmişin genetik birliyi olaraq tarixin yaddaşında qalmamalıdır, həm də gələcəyə ötürülməlidir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, Türk dünyasının mədəni, mənəvi, etnoqrafik birliyini onun siyasi birliyi tamamlamalıdır".

Konfransın gedişatında xanım millət vəkili çıxış üçün sözü Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslana verib. Konfrans iştirakçılarını salamlayan müşavir çıxışında bu fikirləri ifadə edib: "Həqiqətən mənim üçün çox duyğulu bir andır. Çünki Türk dünyasının son zamanlar yetişdirmiş olduğu ən böyük şairlərdən olan Abdurrahim Karakoçu Türkiyə respublikasının özündə belə bu qədər böyük tədbir və konfranslarla anmamışdılar. Vurğulamaq yerinə düşər ki, Abdurrahim Karakoçun elə gözəl yönümləri var, onun şeirlərində hər bir insan özünü ifadə edə bilər. Bu böyük şair sonsuz bir eşq adamı, Türk millətinin varlığını, birliyini, böyüklüyünü hiss edən, onun alovu ilə alışan dəyərli bir şəxsiyyət idi. O, zamana, zalımlara meydan oxuyan böyük şairdir. Elə cəsur bir şəxs olub ki, heç kimdən qorxmadan sözünü əsirgəməyib". S.A.Arslan Abdurrahim Karakoçdan bir çox nümunələr gətirərək konfransda qoyulmuş mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. Konfransda iştirak edən A.Karakoçun ən yaxın dostlarından olan Lütfü Şehsüvaroğlu və Türkiyənin görkəmli yazar-aydınlarından olan Mehmet Ünal çıxışlarında həm Türk dünyasının böyük şairi, aydını Abdurrahim Karakoç haqqında öz fikirlərini səsləndirib, həm də konfransın mövzusu ilə dəyərli düşüncələrini bölüşüblər və ortaq dəyərlərimizə həsr olunan bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Konfransda iştirak edən Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub da çıxış edərək ortaq dəyərlərimizə həsr olunan konfransın əhəmiyyətini qeyd edib.

Konfransda millət vəkili Qənirə Paşayeva Lütfü Şehsüvaroğluna və Mehmet Ünala "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB adından "Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" mövzulu konfransın təşkilinə verdiyi dəstəyə, Azərbaycan və Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə mükafat təqdim edib.

Sonda Abdurrahim Karakoçun övladları millət vəkili Nizami Cəfərova dəyərli hədiyyə təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə