“Akkord” mükafata layiq görüldü

“Akkord” Korporasiyası “Zəfər-2012” Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb

"Zəfər-2012" Yüksək İdman Nailiyyətləri Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib. "Akkord" Korporasiyası" dan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak edib. "Zəfər" Yüksək İdman Nailiyyətləri Mükafatını 2008-ci ildə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və "Sportsman" jurnalı birgə təsis edib. Formata əsasən, hər ilin yekununda müxtəlif nominasiyalar üzrə ilin qalibləri adına layiq görülmək üçün milli federasiyalar və idman klubları tərəfindən namizədlər irəli sürülür. Seçim komissiyası respublikanın görkəmli idman mütəxəssisləri, tanınmış idman jurnalistlərindən təşkil olunub.

Təntənəli mərasimdə "Zəfər 2012" Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülənlərdən biri də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC olub. Korporasiya bu mükafata "İdmanın İnkişafındakı Xidmətlərinə Görə" layiq görülüb. Mükafatı Korporasiyanın baş direktoru, direktorlar Şurasının sədri, "Qızıl Əlcək" İdman Klubunun prezidenti Xaqani Quluzadə qəbul edib.

"Akkord" Korporasiyası ölkə Prezidenti İlham Əliyev cənablarının respublikamızda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğını örnək alaraq, fəaliyyətdə olduğu 8 il ərzində bu sahəyə həssas münasibəti və dəstəyi ilə seçilib. Bu günə kimi Korporasiyanın maddi və mənəvi dəstək verdiyi idmançılar yerli və beynəlxalq yarışlardan xeyli sayda medallarla qayıtmış, Azərbaycanın bayrağını yüksəltmişlər. Korporasiyasının sponsoru olduğu "Qızıl Əlcək İdman Klubu"nun nailiyyətləri bu baxımdan xüsusilə diqqətəlayiqdir.

1998-ci ildə yaranmış Qızıl Əlcək" İdman Klubu idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə (boks, güləş, karate, kikboksinq, uşu, taekvondo, cudo) fəaliyyət göstərir. Bu illər ərzində Klub Respublikamızda bütün dövlət tədbirlərində fəal iştirak edib. 2008-ci ildən isə Respublikamızda Umummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən beynəlxalq turnirlərin təşkilatçısıdır. Hazırda klubda 350-dən artıq gənc müxtəlif idman növlərinin sirlərini öyrənir. İdmançılar yığma komandanın tərkibində ölkəmizi təmsil edərək Avropa və Dünya çempionatlarında böyük uğurlar qazanıblar.

Klub üzvlərindən 1 nəfər boks üzrə, 5 nəfər kikboksinq üzrə Dünya çempionu, 7 nəfər Avropa çempionu, 8 nəfər Asiya çempionu, 15 nəfər Avrasiya çempionu titulunu qazanıb, eyni zamanda, 20 idmançı boks, 40 idmançı isə kikboksinq üzrə beynəlxalq turnirlərin qalibi olub.
2010-cu ildə Klubun üzvü Şaban Şahpələngov Bakıda keçirilən Boks Üzrə Gənclər Arasında Dünya Çempionatında qızıl medala layıq görülməklə bərabər Beynəlxalq Boks Assosiasiyasının (AİBA) "2010-cu ilin ən gənc və ən yaxşı boksçusu" adına layiq görülüb. O, həm də 2012-ci ildə tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.

Fəaliyyətdə olduğu illər ərzində İdman Klubunda 4 Beynəlxalq Dərəcəli idman ustası, 10 idman ustası, boks üzrə Azərbaycanın əməkdar məşqçısi yetişib.

İndiyədək bir sıra yerli və beynəlxalq çempionatlarda ciddi uğurlar əldə etmiş "Qızıl Əlcək" İdman Klubu təkcə 2012-ci il ərzində ümumilikdə 41-i daxili, 34-ü beynəlxalq olmaqla 75 medal qazanıb. Onlardan 35-i qızıl, 18-i gümüş, 22-si bürüncdür.

Klub 2013-cü ilə də uğurla başlayıb və yanvarın 7-11-də Bakıdakı "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında keçirilən növbəti Azərbaycan çempionatında 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanmaqla ilk üçlüyə daxil olub.

Qeyd edək ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC "Qızıl Əlcək" İdman Klubuna 2011-ci ildən sponsorluq edir. Korporasiyada Klub üzvlərinin bir hissəsinin işlə təminatı məsələsi də həllini tapıb. Klubun idmançılarından 25 nəfəri korporasiyada əmək fəaliyyəti ilə məşğul olur. Korporasiya rəhbərliyi daimi olaraq Klubun idmançılarına qayğı göstərir, onların tələbatlarını qarşılayır.

Klubun əsas hədəfi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və Azərbaycana qızıl medallar gətirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə