"Ədliyyə Nazirliyində vətəndaşın döyülməsi "fakt"ı kökündən yanlışdır"

Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
"Ədliyyə Nazirliyində vətəndaşın döyülməsi "fakt"ı kökündən yanlışdır"

Son dövrlər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası işinin səmərəliliyi daha da artırılır, bu sahədə qanunvericilik daim təkmilləşdirilir, yeni təsirli icra mexanizmləri tətbiq olunur. Eyni zamanda, ədliyyə fəaliyyəti, o cümlədən icra sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi məlumat verilir.

SİA-ya Ədliyyə Nazirliyindən verilən məlumata görə, bəzi mətbu orqanlar tərəfindən müəyyən hallarda jurnalistika prinsiplərinə tamamilə zidd olaraq dəqiqləşdirilməmiş, obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan və təhrif olunmuş yazıların dərc edilməsi hallarına rast gəlinir. Bu kimi hallar ictimaiyyətdə yalnış fikirin formalaşmasına səbəb olur, eyni zamanda, mətbu orqanın nüfuzuna xələl gətirir.

Belə ki, "Azadlıq" qəzetinin 07.02.2013-cü il tarixli sayında "Evi sökülən 70 yaşlı kişi Ədliyyə Nazirliyində döyülüb" başlıqlı qərəzli yazı dərc olunmuş və məqalə adından da göründüyü kimi, sensasiya xatirinə heç bir araşdırma aparılmadan əsassız mülahizələri ictimaiyyətə ötürməklə və nazirliyə qarşı uydurma ittiham irəli sürməklə cəmiyyətdə mənfi rəy yaratmaq məqsədini daşıyır.

Bununla əlaqədar qeyd olunur ki, ümumiyyətlə, yazıda göstərilən məsələ həqiqətə uyğun deyil və məqalədə göstərilənlərə aydınlıq gətirilməsi üçün təxirəsalınmadan araşdırma aparılmış, eyni zamanda yazıda adı çəkilən vətəndaş Qurban Əliyevlə (məqalədə vətəndaşın adı səhv olaraq Q.Məmmədov kimi də yazılmışdır) dərhal əlaqə saxlanılmış və həmin şəxs məhkəmə qərarının icrası ilə bağlı 6 fevral 2013-cü il tarixdə Ədliyyə Nazirliyinə gəlmədiyini, heç bir aidiyyəti əməkdaşla görüşmədiyini və heç vaxt burada təzyiqə məruz qalmadığını bildirmişdir.

Dövlətimizin hüquq siyasətinin həyata keçirilməsində iştirak edən, sivil cəmiyyətdə özünəməxsus layiqli yeri olan, insan hüquqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Ədliyyə Nazirliyində vətəndaşın döyülməsi və ya həbslə hədələnməsi kimi əsassız iddialar qeyri-sağlam təxəyyülün məhsulu olmaqla təəssüf hissi doğurur.

Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi hər zaman qanunun aililiyinə, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasına hörmətlə yanaşır və onların müraciətlərinə həssas münasibət bundan sonra da davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə