Dövlət Qulluğu Məsələləri üzrə Komissiya illik hesabatını verdi

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabat" mövzusunda dəyirmi keçirib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd Komissiyanın 2012-ci il üzrə illik hesabatı və dövlət qulluqçularının etik davranışı barədə illik məlumatı ilə qeyri-hükumət təşkilatlarını və müstəqil ekspertləri tanış etmək, dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyi öyrənməkdən ibarət olub.

Komissiyanın keçən il üzrə illik hesabatını təqdim edən qurumun Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli bildirib ki, komissiya vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi üçün Dövlət İdarəçilik Akademiyası, Qeyri- Hükumət Təşəkilatlarına Dövlət Dəstəyi Şurası və 8 qeyri-hükumət təşkilatının iştirakı ilə əməkdaşlıq şəbəkəsi yaradır.

R. Məcidbəyli Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı 6 müsabiqə və 10 müsahibənin elan edildiyini bildirib. Onun sözlərinə görə, müsabiqələrə ümumilikdə 101 dövlət orqanı üzrə 1227 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb: "Müsabiqələrdə 7593 namizəd iştirak edib, onlardan 1744-ü test imtahanı mərhələsindən keçərək müsahibə mərhələsinə buraxılıb. Müsabiqənin müsahibə mərhələsi keçən ilin dekabrın 3-dən başlayıb. Bu günə kimi namizədlərdən 250 nəfəri müsahibədən uğurla keçib, 398 nəfəri vəzifəyə uyğun hesab edilməyib. 41 nəfər isə müsahibədə iştirak etməyib. Müsahibə mərhələsi başa çatan 24 dövlət orqanı üzrə müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə həmin dövlət orqanlarına göndərilib. Müsabiqənin müsahibə mərhələsi davam edir. Elan edilmiş müsahibələr üzrə isə 113 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin edilib".

Qeyd edək ki, çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə