31 dövlət qulluqçusu işdən çıxarılıb

31 dövlət qulluqçusu işdən çıxarılıb

2012-ci il üzrə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarınının tələblərini pozan dövlət orqanlarını tərəfindən 339 nəfər dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. SİA-nın xəbərinə görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, etik davranış qaydalarının pozulması halları əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qeydə alınıb. Mərkəzi icra hakimiyyəti orqanları arasında etik davranış qaydalarının pozulması halları daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşahidə olunub. Bu qurum üzrə etik davranış qaydalarının pozulması üzrə 75 fakt qeydə alınıb. Bunun üçün də müvafiq intizam tədbirləri həyata keçirilib.

Ötən il etik davranış qaydalarını pozan 279 nəfərə töhmət elan edilib. 31 nəfər dövlət qulluğundan azad edilib, 15 nəfərin vəzifə maaşı azaldılıb, 14 nəfərə isə digər intizam tənbeh tədbirləri tətbiq edilib.

V. Əsgərov bildirib ki, mərkəzi icra hakimiyyəti orqanları üzrə 263 nəfərə (bunlardan 217 nəfər töhmət, 17 nəfər dövlət qulluğundan azad edilmə, 15 nəfər isə maaşın azaldılması), yerli icra hakimiyyəti orqanları üzrə isə 76 nəfərə (62 nəfərə töhmət, 14 nəfər isə dövlət qulluğundan azad edilmə) intizam tənbeh tədbirləri tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə